• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Ermənistan seçkilərindən sonra yeni mərhələ: Sülh sazişi yaxınlaşırmı?

SİYASƏT

09 Iyun 2026 | 15:33

Ermənistan seçkilərindən sonra yeni mərhələ: Sülh sazişi yaxınlaşırmı?

Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri region ölkələri tərəfindən diqqətlə izlənilir. Xüsusilə Türkiyənin seçkilərin sülh və əmin-amanlıq şəraitində başa çatmasını alqışlaması və Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına ümid ifadə etməsi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin formalaşdığına dair müzakirələri gücləndirib.

Ankara son illərdə regionda qarşıdurma deyil, əməkdaşlıq modelinin qurulmasının tərəfdarı kimi çıxış edir və hesab edir ki, davamlı sülh yalnız dövlətlər arasında münasibətlərin normallaşması ilə mümkündür.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, Türkiyənin Ermənistan seçkiləri ilə bağlı açıqlaması ilk növbədə regionda sabitlik və təhlükəsizlik gündəliyinə sadiqliyin nümayişidir. Ankara göstərmək istəyir ki, Cənubi Qafqazda hərbi qarşıdurma dövrünün arxada qalmasını dəstəkləyir. Açıqlamada seçkilərin legitimliyinə və Ermənistan xalqının iradəsinə hörmət ifadə olunur. Bununla yanaşı, Türkiyə yenidən vurğulayır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regional siyasətin əsas prioritetlərindən biridir:

“Ankara hesab edir ki, yekun sülh sazişi regionun iqtisadi potensialını artıracaq. Eyni zamanda Türkiyə özünü regionda sabitliyin və əməkdaşlığın təşviqçisi kimi təqdim etməyə çalışır”.

Müsahibimiz qeyd edib ki, bu seçkilərin ən mühüm nəticələrindən biri yeni hakimiyyətin və ya formalaşacaq siyasi çoxluğun sülh prosesinə münasibətidir.  Dediyinə görə, əgər hakimiyyət sülh xəttini davam etdirməkdə maraqlı olarsa, danışıqlar prosesində müəyyən irəliləyişlər mümkün görünür. Ermənistan cəmiyyətində iqtisadi inkişaf və təhlükəsizlik tələbatı getdikcə daha çox ön plana çıxır:

“Bu isə radikal və revanşist çağırışların təsir imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən daxili siyasi rəqabət hakimiyyətin manevr imkanlarını müəyyən qədər daralda bilər. Buna baxmayaraq, regional reallıqlar İrəvanı sülh gündəmindən uzaqlaşmağa deyil, ona daha praqmatik yanaşmağa sövq edir”.

Züriyə Qarayeva:  Əgər hakimiyyət sülh xəttini davam etdirməkdə maraqlı olarsa, danışıqlarda irəliləyişlər mümkün görünür

“Türkiyə niyə məhz sülh sazişinin imzalanmasını xüsusi vurğulayır” sualını cavablandıran politoloqa görə, çünki Ankara hesab edir ki, regionun gələcək inkişafı məhz sülh müqaviləsinin imzalanmasından keçir. Hazırda Cənubi Qafqazda bir sıra iqtisadi və nəqliyyat layihələri tam potensialla işləyə bilmir. Sülh sazişi kommunikasiyaların açılması və yeni ticarət marşrutlarının formalaşması üçün hüquqi baza yarada bilər.

Z.Qarayeva deyib ki, Türkiyə həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərin normallaşmasını regional iqtisadi inteqrasiyanın vacib elementi hesab edir. Bu yanaşma Ankaranın “qazan-qazan” modelinə əsaslanan siyasətinə uyğundur. Ona görə də Türkiyə hər fürsətdə sülh sazişinin əhəmiyyətini qabardır.

“Yaxın aylarda diqqət əsasən Bakı ilə İrəvan arasında aparılan danışıqlara yönələcək” deyən həmsöhbətimiz bildirib ki, əgər siyasi iradə qorunub saxlanarsa, sülh sazişi ilə bağlı texniki və hüquqi məsələlərin həlli sürətlənə bilər. Dediyinə görə, bununla paralel olaraq regional nəqliyyat layihələri yenidən gündəmə gələ bilər:

“Türkiyə və digər regional aktorlar da bu proseslərə dəstək verməyə çalışacaqlar. Eyni zamanda böyük güclərin Cənubi Qafqaz uğrunda rəqabəti davam edəcək və bu amil proseslərə təsirsiz ötüşməyəcək. Buna görə də qarşıdakı dövr həm imkanlar, həm də müəyyən risklərlə müşayiət olunan mühüm siyasi mərhələ olacaq”.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR