Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın aylarda istefa verəcəyi iddia edilir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu iddia ilə Nikol Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib. O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib. Hazırda ölkənin daxilində olan iğtişaşlar və anti-Paşinyan mövqeyi sərgiləyən qüvvələrin sayının artması da hər şeyi sübut edir. Hökumətə qarşı yönələn tələblər və müxalifət qüvvələrinin sayının artması ölkənin gələcək siyasi kursu ilə bağlı ciddi suallar doğurur. Bu vəziyyət Paşinyanın rəhbərlik etdiyi hökumətin cəmiyyətin geniş təbəqələri tərəfindən artıq dəstəklənmədiyini ortaya qoyur.
Bəs sözügedən iddialar nə dərəcədə realdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oktay Qasımov bildirib ki, Ermənistan siyasətçilərinin səsləndirdiyi fikirləri çox vaxt birmənalı olmur:
"Ermənistanda siyasətçilər tərəfindən qeyd edilən iddiaların böyük çoxluğu siyasi qüvvələr arasındakı mübarizədən ortaya çıxan fikirlərdir və təbliğat xarakteri daşıyır. Əlbəttə ki, Paşinyanın istefa verəcəyi və ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər bu istiqamətdən dəyərləndirilməlidir. Ermənistan 2021-ci ildə də N.Paşinyanın təşəbbüsü ilə növbədənkənar səsvermə keçirdi, özü də kampaniyanın başında duraraq qələbə qazandı. Belə bir addımın atılması ehtimalı var. Lakin bu istiqamətdə dəqiq fikir söyləmək mümkün deyil. Paşinyanın istefa verməsi, növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı səslənən fikirlər bu təbliğatın bir hissəsidir və hər bir tərəf bu mövzuda öz yanaşmalarını və məqsədlərini ortaya qoyur".
Oqtay Qasımov, politoloq
Onun sözlərinə görə, bu hadisə yaxın zamanlarda baş verməyəcək:
"Düşünmürəm ki, Paşinyanın istefası ilə bağlı proseslər son dönəmlər ərzində reallaşsın. Çünki Ermənistandakı daxili siyasi vəziyyət və qüvvələrin güc nisbəti, o cümlədən, beynəlxalq şərtlər seçki prosesinin qısa müddətdə keçiriləcəyi ilə bağlı fərziyyələri reallığa çevirmir. Əlbəttə ki, bütün variantları nəzərə almaq lazımdır. Xüsusilə Azərbaycan və Ermənistan arasında postkonflikt periodunda baş verən hadisələrdə müəyyən yeniliklər olsa, Rusiya-Ukrayna savaşında hansısa fərqli yanaşma tətbiq edilsə, sözügedən iddianın reallığa çevirilməsi zərurət doğuracaq".
Müsahibimizin sözlərinə görə, bununla yanaşı, Ermənistan daxilindəki siyasi mübarizənin, xüsusən də, Paşinyan tərəfdarları ilə müxalifət qüvvələri arasındakı gərginliyin daha da dərinləşməsi, növbədənkənar seçkilərin keçirilməsini daha mümkün hala gətirə bilər:
"Xarici güclərin, xüsusən də Rusiya və qərb ölkələrinin mövqeyi, Ermənistanın daxili siyasətinə ciddi təsir göstərir və bu, seçki prosesinin vaxtını və şəraitini formalaşdıra bilər. Lakin, bu məsələlərin necə inkişaf edəcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir, çünki hər bir yeni hadisə və diplomatik dəyişiklik vəziyyəti yenidən təhlil etməyə vadar edir", - deyə Oqtay Qasımov qeyd edib.
Əli Hüseynov