• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Aİ missiyası yenidən sərhəddə: Tərəfsiz vasitəçilik, yoxsa ermənipərəst addım?

SİYASƏT

13 Fevral 2025 | 13:50

Aİ missiyası yenidən sərhəddə: Tərəfsiz vasitəçilik, yoxsa ermənipərəst addım?

Avropa İttifaqının (Aİ) müşahidə missiyası yenidən Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayıb.

Rəsmi açıqlamalara görə, bu missiyanın məqsədi bölgədə sabitliyi təmin etmək, gərginliyi azaltmaq və tərəflər arasında etimad mühitinin formalaşmasına töhfə verməkdir. Lakin indiyəqədərki təcrübə göstərir ki, Aİ missiyası əsasən Ermənistanın mövqelərini müdafiə edən və birtərəfli yanaşma sərgiləyən bir institut kimi çıxış edir. Missiyanın tərkibinə və fəaliyyəti çərçivəsində hazırlanan hesabatlara nəzər yetirdikdə aydın olur ki, Azərbaycan tərəfinin mövqeləri və haqlı tələbləri ya tamamilə nəzərə alınmır, ya da qərəzli şəkildə təqdim olunur. Bununla yanaşı, missiyanın yalnız Ermənistan ərazisində yerləşdirilməsi və Azərbaycanla koordinasiyalı şəkildə fəaliyyət göstərməməsi onun həqiqi məqsədləri ilə bağlı haqlı suallar doğurur.

Son illərdə Avropa İttifaqı Ermənistanla münasibətlərini daha da möhkəmləndirib və bu, Aİ-nin regiondakı proseslərə yanaşmasına da təsir göstərir. Xüsusilə Fransanın açıq şəkildə Ermənistanı dəstəkləməsi, Aİ çərçivəsində qəbul olunan bəyanatlarda Azərbaycanın mövqeyinin ya nəzərə alınmaması, ya da birtərəfli tənqidlərə məruz qalması missiyanın tərəfsizliyinə kölgə salır.

Bütün bunların fonunda Aİ missiyasının yenidən sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqları baxımından nə dərəcədə uyğundur? Bu addım bölgədə sülh prosesinə töhfə verəcəkmi, yoxsa vəziyyəti daha da mürəkkəbləşdirəcək?

Bakıvaxtı.az bu sualların cavabını politoloq Oktay Qasımovla birlikdə axtarıb. Onun sözlərinə görə, "Avropa İttifaqının mülkü" adlandırılan və kəşfiyyatçılardan ibarət olan müşahidə missiyasının yenidən fəallaşması təbii ki, təxribatlara zəmin hazırlayır:

"Avropa İttifaqının müşahidə missiyasının bölgədə fəaliyyət göstərməsi indiyə qədər heç bir müsbət nəticə verməyib. Onların rəsmi bəyanatlarında sabitliyi təmin etmək, gərginliyi azaltmaq və sülh prosesinə töhfə vermək kimi məqsədlər qeyd olunsa da, reallıqda bu missiya yalnız kağız üzərində bir təşəbbüs kimi qalır. Xüsusilə, Aİ missiyasının fəallığının artması, onların özlərini region üçün zəruri və təsirli bir institut kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. Aİ siyasi çəkisini artırmaq üçün Ermənistan üzərindən regionda varlığını süni şəkildə legitimləşdirməyə çalışır".

Oktay Qasımov: Aİ missiyasının bölgədəki fəaliyyəti heç bir nəticə verməyəcək

O.Qasımov bildirib ki, missiyanın ifadə etdiyi iddiaların hamısı absurddur:

"Aİ missiyasının bölgədəki fəaliyyətinin sözdə məqsədi olan sabitlik yaratmaq və digər xoş məramların təmin edilməsi, reallıqda yalnız təbliğat xarakteri daşıyır. Bu cür iddialar, xüsusilə qərb mediasında geniş şəkildə yayımlanmış olsa da, onların praktikada heç bir real təsir yaratmadığı açıq şəkildə görünür. Əslində, missiyanın fəaliyyətini izah etmək üçün daha çox siyasi və strateji məqamlar önə çıxır. Aİ-nin gələcəkdə hərbiləşdirilmiş missiya forması ilə bölgədə fəaliyyət göstərmək istəyi də çox müzakirə olunan bir məsələdir. Bu, yalnız strateji hədəflərə çatmaq üçün deyil, həm də regionda Rusiya və digər qüvvələr qarşısında öz mövqeyini möhkəmləndirmək məqsədi güdür".

Mütəxəssis onu da qeyd edib ki, Aİ-nin atdığı addımlar Cənubi Qafqazda iqtisadi rifah və uzunmüddətli sülhə heç bir real töhfə verməyəcək. Bu addımlar yalnız siyasi və geosiyasi oyunlara xidmət edir, regionda sabitlik yaratmaq və ya xalqlar arasında dostluq qurmaq məqsədini daşıyır. Bütün bunlar bölgədəki faktiki vəziyyəti daha da mürəkkəbləşdirir və real rifahın əldə olunmasının qarşısını alır.

Əli Hüseynov


SON XƏBƏRLƏR