Gələn tədris ilindən başlayaraq dövlət universitetlərində təhsil alan bütün tələbələrin təhsil haqqı dövlət tərəfindən qarşılanacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Nazir Givi Mikanadze bildirib ki, hökumət həm dövlət, həm də özəl ali məktəblərdə oxuyan tələbələrlə bağlı əvvəlki maliyyələşdirmə mexanizmini tətbiq etməyə davam edəcək. Lakin əsas diqqət dövlət universitetlərinin gücləndirilməsinə yönəldilib.
“2026-cı ildən başlayaraq dövlət universitetlərində təhsil alan bütün tələbələrin təhsil haqqını dövlət tam şəkildə qarşılayacaq. Ali təhsil islahatlarının prioriteti məhz dövlət universitetlərinin dəstəklənməsi və gücləndirilməsidir”, – deyə nazir qeyd edib.
Nazir bildirib ki, növbəti tədris ilində özəl ali məktəblərə yeni daxil olan tələbələr üçün dövlət tərəfindən qrant ayrılmayacaq. Bununla belə, artıq özəl ali məktəblərdə təhsil alan (2-ci, 3-cü, 4-cü kurs) tələbələr, həmçinin magistraturaya qəbul olunanlar əvvəlki qaydada dövlət maliyyə dəstəyindən yararlanmağa davam edəcəklər.
Mikanadze deyib ki, əcnəbi tələbələrlə bağlı yeni qaydalar tətbiq olunacaq.
Onun sözlərinə görə, 2026-cı ildən etibarən dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək.
Bu məhdudiyyət yalnız xüsusi hallara şamil olunmayacaq. Belə ki, universitetlərin ikitərəfli razılaşmalar, beynəlxalq mübadilə proqramları və xüsusi layihələr çərçivəsində qəbul etdiyi əcnəbi tələbələrə məhdudiyyət olmayacaq.
Nazir əlavə edib ki, Gürcüstanda təhsil almaq istəyən əcnəbi vətəndaşlar sərbəst şəkildə özəl ali məktəblərə daxil ola biləcəklər.
Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən 64 ali təhsil müəssisəsindən 19-u dövlət, 45-i isə özəldir.
Bakı 



