• Bakı 12° C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub
 

MƏDƏNİYYƏT

04 Dekabr 2025 | 17:29

Şəki teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub 

Şəki Dövlət Dram Teatrı Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” əsəri əsasında hazırladığı eyniadlı tamaşanı dekabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində sənətsevərlərə təqdim edib. 

Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, tamaşa Xalq şairinin bu il dövlət səviyyəsində qeyd olunan 100 illik yubileyinə həsr olunub.

Nümayişdən öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında danışıb, xatirələrini bölüşüblər. Şəki teatrının paytaxtda tamaşa nümayişinə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkür ifadə edilib. 

Sonra səhnə əsəri nümayiş olunub.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi mərhum bəstəkar Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova  məxsusdur. 

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova  (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay) və başqaları canlandırıblar.

Azərbaycan xalqının Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edən tamaşa maraqla qarşılanıb.

Tamaşaçılar Akademik Milli Dram Teatrının foyesində Şəki teatrı tərəfindən təşkil edilən B.Vahabzadənin fotolarından və kitablarından ibarət sərgi ilə də tanış olublar.


SON XƏBƏRLƏR