"The New York Times" (NYT) qəzeti Pentaqona qarşı iddia qaldıraraq, əvvəllər mediada hərbi mövzuların işıqlandırılmasına qoyulan məhdudiyyətlərin jurnalistlərin konstitusiya hüquqlarını pozduğunu iddia edib.
Bakıvaxtı.az xəbər verir ki, NYT-nin iddiasına görə, ABŞ ordusunda yeni qaydalar söz və mətbuat azadlığını təmin edən Konstitusiyaya Birinci Düzəlişi pozur.
Nəşr xatırladır ki, oktyabr ayından jurnalistlərdən "jurnalist fəaliyyətinə məhdudiyyətlər" tətbiq edilən 21 səhifəlik formanı imzalamaları tələb olunur. Konkret olaraq, bu məhdudiyyətlər mənbələrlə işləməyə aiddir. Qəzet ümid edir ki, məhkəmə Pentaqonu yeni təcrübədən əl çəkməyə məcbur edəcək.
Departamentin özü bəyan edib ki, hərbi obyektlərə giriş "tənzimlənə bilən imtiyazdır". Rəsmilər bildiriblər ki, departament milli təhlükəsizliyə aid məlumatların sızmasının qarşısını almağa çalışır.
Nəşrin məlumatına görə, yeni qaydaların dərcindən az sonra Pentaqonun akkreditasiyasından keçmiş onlarla jurnalist etiraz əlaməti olaraq vəsiqələrini təhvil verib. "ABC News", "CBS News", CNN, "Fox News" və "NBC News" da Pentaqonu sərt tənqid edirdilər.
Fevral ayında "Associated Press" (AP) Ağ Evin üç əməkdaşını jurnalistlərin mətbuat konfransına girişini məhdudlaşdırdıqlarına görə məhkəməyə vermək qərarına gəlmişdi.
Aynur Babazadə
Bakı 



