• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

"Erməni kartı" əvvəlki effekti verməyəcək: Əgər ermənilər bizimlə oyun oynamaq istəyirsə…

SİYASƏT

13 Fevral 2025 | 12:30

Erməni kartı əvvəlki effekti verməyəcək: Əgər ermənilər bizimlə oyun oynamaq istəyirsə…

“Ermənilər Qarabağa qayıtmaq ideyasından heç vaxt əl çəkməyiblər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.

Ekspert bildirib ki, birbaşa İrəvan hökuməti tərəfindən olmasa da, Ermənistana dəstək verən, arxa çıxan Fransa kimi ölkələr, o cümlədən xristian dövlətlər bu məsələni Azərbaycana təzyiq vasitəsi kimi gündəmə daşıyacaqlar:

"Xatırlayırsızsa, ABŞ prezidenti Donald Tramp da Qarabağla bağlı danışarkən demişdi ki, "ermənilər xristian xalq olduğuna görə, onları qorumalıyıq". Qarabağı da "Artxas" adlandırmışdı. İndi həmin kənar güclər lazım olan məqamda "Qarabağda erməni" məsələsini qabardacaqlar. Heç bunu İrəvandan da soruşmayacaqlar”.

Əhəd Məmmədli: Kənar güclər lazım olan məqamda "Qarabağda erməni" məsələsini qabardacaqlar

Müsahibimiz vurğulayıb ki, "erməni kartı" yüz ildən çoxdur ki, türklərə qarşı istifadə olunur. Ancaq bunun reallaşıb-reallaşmayacağını söyləmək artıq başqa məsələdir. Siyasi şəhrçinin fikrincə, bundan sonra "erməni kartı" işləməyəcək, əvvəlki effekti verməyəcək:

“Çünki Azərbaycan Qarabağı işğaldan azad edib. Ölkəmiz güclü tərəfdir. Regionda, dünyada söz sahibinə çevrilmişik. Türkiyə kimi müttəfiqimiz var. Qərbi Azərbaycan İcması da elə-belə yaradılmayıb. Biz də alternativ olaraq Azərbaycan türklərinin öz dədə-baba yurdlarına, Zəngəzura, Göyçəyə, İrəvana qayıtması məsələsini qaldırırıq”.

“Əgər ermənilər bizimlə oyun oynamaq istəyirsə, bu oyun birqapılı olmayacaq. 90-cı illərdə ona görə müharibəni uduzduq ki, birqapılı, yəni müdafiəyə oynadıq. O vaxtı Zəngəzur, Göyçə kartından istifadə edə bilmədik. İndi isə edirik", - deyə Əhəd Məmmədli əlavə edib.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni jurnalistin sualına cavabında “Sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq”, - deyib.

“Niyə “arsax”ı Qarabağ adlandırırsız” sualını isə Simonyan bu cür cavablandırıb:

"Sizcə, mən aktivistəm və reytinqimi qaldırmaq üçün gözəl sözlər deməliyəm? Mən siyasətçiyəm. Erməni şəhərinin adını çəkəndə başqa ölkənin vətəndaşının Azərbaycan toponimindən istifadə etməsinə də qarşıyam".

Daha sonra spiker Qarabağdan olan jurnalistə bu sözləri deyib:

“Sən oradan getdin, baxmayaraq ki, qalıb sona qədər mübarizə apara bilərdin. Döyüşmək lazım olanda sən getdin”.

Qeyd edək ki, Alen Simonyanı erməni mediası Qarabağdan köçən ermənilərə nifrət edən şəxs kimi təqdim edir.

Aydın Baxış


SON XƏBƏRLƏR