Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti – 2040” uzunmüddətli strategiyası ölkənin mədəni irsinin qorunması və müasirləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoyur.
Bu sənəd yalnız mədəniyyət sektorunun idarəetmə mexanizmlərini deyil, həm də sənətkarlıq, teatr, musiqi, kino, incəsənət təhsili və mədəni turizm kimi sahələrdə sistemli dəyişiklikləri özündə ehtiva edir.
Strategiyanın əsas məqsədi mədəniyyətin ictimai həyatdakı rolunu gücləndirmək, gənc nəsillərin yaradıcılıq potensialını stimullaşdırmaq və ölkənin beynəlxalq mədəni nüfuzunu artırmaqdır.
Eyni zamanda, bu strategiya mədəni irsin qorunması və innovativ yanaşmaların tətbiqi baxımından prioritet sahələrdə struktur dəyişikliklərinin reallaşmasına zəmin yaradır.
Azərbaycan mədəniyyətinə qayğı hansı səviyyədədir? Konsepsiya mədəniyyət sektorunda hansı əsas dəyişiklikləri sürətləndirə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Xalq artisti İlham Namiq Kamal deyib ki, mədəniyyət sahəsinə dövlət qayğısı uzunmüddətli xarakter daşıyır və bu siyasət həm ulu öndərimizin, həm də möhtərəm Prezidentimizin rəhbərliyi dövründə davam etdirilir:
"Ölkəmizdəki teatr binalarının yüksək səviyyədə təmiri və abadlaşdırılması, aktyorlara illik mükafatların verilməsi, həmçinin görkəmli sənətkarlara Prezident təqaüdlərinin ayrılması mədəniyyətə göstərilən diqqətin praktik ifadələridir. Məsələn, İrəvan teatrının binası son dövrlərdə sanki yenidən tikilmiş kimi təqdim olunub ki, bu da mədəni irsin qorunması və modernləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir".
Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş uzunmüddətli mədəni strategiya mədəniyyət sektorunda sistemli və davamlı inkişafı təmin etmək məqsədini güdür:
"Bu Konsepsiya çərçivəsində teatr, kino, musiqi və digər sahələrdə innovativ layihələrin təşviqi, gənc nəslin mədəniyyətə marağının artırılması və mədəniyyət sektorunda idarəetmənin optimallaşdırılması kimi əsas dəyişikliklərin sürətləndirilməsi nəzərdə tutulur. Beləliklə, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizdə mədəni inkişafın davamlılığını təmin edəcək, mədəniyyətin müxtəlif sahələrində keyfiyyət dəyişikliklərini sürətləndirəcək və dövlətin mədəniyyət siyasətinin elmi əsaslarla formalaşdırılmasına xidmət edəcək".
Xalq artisti əlavə edib ki, mədəniyyət sektorunda strateji dəyişikliklərin tətbiqi ilə bağlı yaxın zamanda yığıncaq keçiriləcək və “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının konkret bəndləri təqdim olunacaq.
O qeyd edib ki, hələlik sənədin detalları barədə konkret nəsə demək çətindir, lakin vurğulayıb ki, bütün dəyişikliklər mədəniyyətin inkişafı və sənətkarlara dəstək baxımından müsbət nəticələr verəcək. Aktyor eyni zamanda bildirib ki, strategiyanın icrası ölkədə yaradıcı sahələrin stimullaşdırılmasına, regional mədəni mərkəzlərin gücləndirilməsinə və gənc istedadların önə çıxarılmasına şərait yaradacaq.
Əli Hüseynov
Bakı 




