• Bakı C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Şagird səhər məktəbdə vaxt doldurur, günorta repetitora qaçır:  ÇIXIŞ YOLU NƏDİR?

CƏMİYYƏT

16 Yanvar 2026 | 14:07

Şagird səhər məktəbdə vaxt doldurur, günorta repetitora qaçır:  ÇIXIŞ YOLU NƏDİR?

Repetitor sisteminin geniş yayılması bir çoxlarına elə təsir bağışlayır ki, guya bu, məktəblərin üzərindəki tədris yükünü azaltmağa kömək edir.

Halbuki gerçək vəziyyət bunun tam əksidir: repetitorluq, əslində, məktəbdə yaranan boşluqların kompensasiyasına çevrilib və şagirdlərin əsas bilik mənbəyi kimi qəbul olunmağa başlayıb. Bu isə məktəbin öz funksiyasını tam yerinə yetirməməsinə, sinifdaxili tədrisin dəyərinin azalmasına gətirir. Ona görə də məktəblərdə bilik səviyyəsini artırmaq üçün yeni və çevik tədris formatlarının tətbiqi artıq zərurətə çevrilib.

Şagirdin marağına, fərdi inkişaf tempinə və müasir imtahan tələblərinə uyğunlaşdırılmış əlavə təhsil modelləri həm repetitor asılılığını azalda, həm də məktəb tədrisinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Məktəblərdə bilik səviyyəsini artırmaq üçün hansı əlavə tədris formatları tətbiq oluna bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirib ki, reallığı gizlətməyə ehtiyac yoxdur:

"Bu gün repetitor sistemi məktəbin yükünü azaltmır, əksinə, təhsilimizdəki boşluqların nizamlanmamış kompensasiyasına çevrilib. Əsas problemlərdən biri odur ki, məktəb proqramı ilə Dövlət İmtahan Mərkəzinin tələbləri arasında ciddi uçurum mövcuddur. Biz məktəbdə uşağa nəzəriyyəni öyrədirik, lakin imtahan ondan sürət, məntiq və test texnikası tələb edir".

Onun sözlərinə görə, valideyn də çarəsiz qalaraq övladını repetitora aparır ki, uşaq imtahan "canavarı" ilə tək qalmasın:

"Nəticədə şagird səhər məktəbdə vaxt doldurur, günorta isə yorğun halda repetitora qaçır. Bu vəziyyət həm ailə büdcəsinə, həm də uşağın uşaqlığına zərbə vurur".

Əmrah Həsənli: Məktəb həm də effektiv hazırlıq mərkəzinə çevrilməlidir

Həmsöhbətimiz onu da əlavə edib ki, problemdən çıxış yolu isə məktəbin formatını kökündən dəyişməkdir:

"Birincisi, yuxarı siniflərdə ixtisaslaşma kağız üzərində deyil, real şəkildə tətbiq olunmalıdır. Əgər bir uşaq gələcəkdə həkim olmağı planlaşdırırsa, onu 10-cu sinifdə  ixtisasdan uzaq fənlərlə yükləmək düzgün deyil. Daha səmərəlisi odur ki, o, vaxtını məktəbin özündə yaradılmış xüsusi imtahan-hazırlıq qruplarında keçirsin. Yəni, məktəb həm də effektiv hazırlıq mərkəzinə çevrilməlidir".

Əmrah Həsənli deyib ki, digər mühüm məqam dərs keçmə metodikasıdır. Müsahibimizin fikrincə, müəllim sadəcə mövzunu danışıb dərsi bitirməməlidir. Hər dərsdə imtahan taktikası elementləri olmalıdır. Şagird anlamalıdır ki, bu gün öyrəndiyi mürəkkəb düstur sabah testdə hansı formada qarşısına çıxacaq. Bu səbəbdən dərslərin dili sadələşdirilməli və imtahan formatına uyğunlaşdırılmalıdır”.

"Bundan əlavə, aktiv təlim metodlarına keçid vacibdir. Uşaq fizikanı laboratoriyada toxunaraq, tarixi muzeydə görərək öyrənsə, bilik onun yaddaşına daha möhkəm həkk olunacaq və əlavə hazırlığa ehtiyac qalmayacaq”.

“Əgər biz məktəbi həm test texnikalarını, həm də real elmi bilikləri birləşdirən bir mərkəzə çevirə bilsək, repetitor asılılığı öz-özünə aradan qalxacaq. Valideyn də əmin olacaq ki, məktəb şagirdi həm həyata, həm də imtahana tam hazır şəkildə yola salır",- deyə Əmrah Həsənli qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR