Gənc rejissorların sosial mövzulu, eksperimental və sənədli filmlərə artan marağı Azərbaycan kino mühitində yeni yaradıcılıq enerjisi formalaşdırır.
Rəqəmsal texnologiyaların əlçatanlaşması, həmçinin beynəlxalq festivallarda iştirak imkanlarının genişlənməsi bu tendensiyanı daha da sürətləndirir. Lakin yeni nəsil kino mütəxəssislərinin ideyalarını reallaşdırması təkcə şəxsi təşəbbüslə məhdudlaşmamalı, onların qarşılaşdığı maliyyə, infrastruktur və peşəkar təcrübə çatışmazlığı dövlət və özəl sektorun müasir dəstək mexanizmləri ilə kompensasiya olunmalıdır.
Məhz bu səbəbdən, gənc rejissorların layihələrinin inkişafı üçün hansı modellərin daha səmərəli ola biləcəyi barədə düşünmək bu gün daha aktualdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən rejissor İlqar Safat bildirib ki, bu gün Azərbaycandakı kino sənayesinin əsas yükü kiçik müstəqil studiyaların üzərinə düşür:
"Bu studiyalar vergilərdən azad edilməli və film istehsalı üçün maksimal dərəcədə əlverişli şəraitlə təmin olunmalıdır. Bu tədbirlər həyata keçirilməyənə qədər Azərbaycan kinosunun inkişafı həm yavaş, həm də çətin olacaq".
Onun sözlərinə görə, iri biznes subyektləri sosial əhəmiyyətli filmlərə maliyyə dəstəyi göstərməyə məsuliyyətlə yanaşmalıdırlar:
"Məsələn, Xocalı faciəsindən bəhs edən “Doğma torpaq” filminin çəkilişinə beş ildən artıq müddətdə başlaya bilməməyimiz bunun bariz nümunəsidir. Çoxsaylı böyük şirkətlərə müraciət olunsa da, dəstək göstərənlərin sayı az oldu. Halbuki iri şirkətlər hər il ən azı bir bədii və bir sənədli filmin istehsalına töhfə verməlidirlər".

İlqar Safat: İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə məzunları mütləq şəkildə film çəkməlidirlər
Rejissor onu da qeyd edib ki, gənc rejissorların inkişafı üçün debüt müsabiqəsinin yaradılması vacibdir:
"İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə məzunları mütləq şəkildə film çəkməlidirlər və dövlət onların qısametrajlı layihələri üçün ayrıca büdcə ayırmalıdır. Vaxtilə “Azərbaycanfilm” kinostudiyası bu sahədə gənclər üçün məktəb rolunu oynayırdı, lakin bu gün həmin studiya demək olar ki, fəaliyyətini itirib və gənc rejissorların təcrübə qazana biləcəyi platformalar qalmayıb".
Müsahibimiz deyib ki, bu səbəbdən dövlət kiçik özəl film studiyalarının inkişafını prioritet saymalıdır:
"Qısametrajlı debüt filmi üçün 100% dövlət maliyyəsi alan tələbələr həmin filmləri hansı studiyada çəkəcəklərini sərbəst seçmək imkanına malik olmalıdırlar. Ən yaxşı qısametrajlı məzun filmlərinin müəlliflərinə isə tammetrajlı bədii film çəkmək imkanı verilməlidir. İnanıram ki, belə bir sistem qurulacağı təqdirdə Azərbaycan kinosu güclənəcək və dayanıqlı inkişaf yoluna qədəm qoyacaq".
Əli Hüseynov
Bakı 




