Şəhərlərdə sürətlə artan əhali və sənayeləşmə, nəqliyyat sıxlığı ilə birlikdə havanın keyfiyyətinə mənfi təsir göstərir. Bu isə yalnız ekoloji problem yaratmır, həm də şəhər sakinlərinin sağlamlığına və gündəlik həyatına birbaşa təsir edir.
Havanın çirklənməsi və ətraf mühitin pisləşməsi sosial narahatlığa səbəb olur, insanların yaşayış səviyyəsini aşağı salır və şəhər mərkəzlərində sosial gərginlik yarada bilər.
Bu mənzərədə urbanist tədbirlər həm ətraf mühiti qorumağa, həm də şəhər sakinlərinin rifahını yüksəltməyə xidmət edə bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov deyib ki, şəhərsalma və arxitektura sahəsində Azərbaycan Respublikasının müvafiq komitəsinin müəyyən etdiyi normalar və qaydalar var:
"Bu qaydalar əsasında şəhərin inkişafı planlı şəkildə həyata keçirilir və bütün layihələr peşəkar standartlara uyğun icra olunur. Xüsusilə Bakıya baxdıqda görürük ki, burada şəhərsalma işi yalnız estetik baxımdan deyil, həm də ekoloji və sosial cəhətdən də inkişaf etdirilir".
Onun sözlərinə görə, paytaxtda yaşıllıqların genişləndirilməsi, parkların və yaşıl ictimai zonaların yaradılması böyük diqqət mərkəzindədir:
"Bu, vətəndaşların rahat və sağlam mühitdə yaşamasına, həmçinin şəhərin ekoloji balansının qorunmasına xidmət edir. Şəhər planlamasında müasir arxitektura yanaşmaları ilə yanaşı, ictimai məkanların funksional və estetik aspektləri də nəzərə alınır".

Fikrət Cəfərov: Şəhərsalma sahəsindəki layihələr vətəndaşların rifahına xidmət edir
Həmsöhbətimiz qeyd edib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə olan dövlət diqqətinin daha da artdığını göstərir:
"Bu il Bakıda şəhərsalma və arxitektura sahəsində beynəlxalq səviyyəli konqresin keçirilməsi planlaşdırılır ki, bu da ölkəmizin şəhərsalmasının beynəlxalq təcrübələrlə zənginləşdirilməsinə, eləcə də yerli mütəxəssislərin bilik və təcrübəsinin artırılmasına böyük töhfə verəcək".
Ekoloq onu da deyib ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər ölkəmizin müasir, yaşıl və rahat şəhər mühiti yaratmaq üçün atdığı uğurlu addımların bariz nümunəsidir:
"Şəhərsalma sahəsindəki layihələr həm vətəndaşların rifahına xidmət edir, həm də ölkəmizin beynəlxalq aləmdə müasir urbanistika standartlarına uyğun inkişaf etdiyini göstərir".
Əli Hüseynov
Bakı 




