• Bakı C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9778

    RUB - 2.1676

Uğurun yolu inteqrasiyadan keçir

LAYİHƏ

16 Yanvar 2026 | 11:16

Uğurun yolu inteqrasiyadan keçir

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Son dövrlər ölkəmizə olan maraq və etimadın artması fonunda Azərbaycan dövləti regionda geostrateji lider kimi çıxış edir. Bu isə bir sıra dövlətlərin ölkəmizə qarşı çoxşaxəli təkliflər irəli sürməsinə səbəb olur. Şübhəsiz ki, Azərbaycan da region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan bu gün region ölkələri, beynəlxalq aləmdə güc sahibi olan böyük dövlətlərlə uğurlu əməkdaşlıq edir, həm də dünyanın aparıcı qurumlarında təmsil olunur. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda sabitliyin bərpa edilməsi ilə regionda geostrateji lider kimi Azərbaycan dövləti vacib addımlar atır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq baxımından Azərbaycanın tutduğu yol ciddi uğurlarla müşahidə olunur.

Bu gün bir çox ölkələr, təşkilatlar Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu açıq şəkildə bəyan edirlər. Bu isə Azərbaycanın bölgədəki və dünyadakı gücünün göstəricisidir. Azərbaycan "Beynəlxalq Telekommunikasiya İttifaqı", "Ümumdünya Poçt İttifaqı", "Regional Rabitə Birliyi", Avropa İttifaqı, "Rəqəmli bazarların harmonizasiyası, İqtisadi Əməkdaşlıq Təşkilatı, "Beynəlxalq Nəqliyyat Forumu", "Elm və Texnologiyalar üzrə Komitə", İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı və digər bir çox beynəlxalq təşkilatlarla layihələrdə əməkdaşlıq edir. Ölkəmiz həmçinin BMT, Qoşulmama Hərəkatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), GUAM, Avropa Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT), AYİB, BVF, İslam Ölkələrinin İƏT, Qara Dəniz İƏT, Dünya Bankı, ÜTT və ÜST kimi beynəlxalq təşkilatlarla üzv və müşahidəçi qismində əməkdaşlıq edir.

Unutmayaq ki, xarici siyasətin əsas istiqamətlərinin düzgün müəyyən edilməsi və onların həyata keçirilməsi bütün ölkələr, o cümlədən Azərbaycan üçün böyük əhəmiyyət kəsb edib. İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, ölkəmiz müstəqil xarici siyasət yürüdür və heç bir dövlət ona öz iradəsini diktə edə bilməz. Əlverişli coğrafi regionda yerləşən Azərbaycan Qərblə Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasında mühüm yer tutur.

Qeyd olunan bu əməkdaşlıqlar fonunda Azərbaycanın dünya birliyinə inteqrasiyası ölkəmizin gələcəyi üçün nələr vəd edir?

Yeganə Hacıyeva: Azərbaycanın dünya birliyinə inteqrasiyası ardıcıl və uzunmüddətli inkişaf strategiyasının nəticəsidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, Azərbaycanın səsi beynəlxalq platformalarda dinlənilən, mövqeyi nəzərə alınan dövlət mövqeyinə yüksəlib.

Onun sözlərinə görə, Azərbaycanın dünya birliyinə inteqrasiyası ardıcıl və uzunmüddətli inkişaf strategiyasının nəticəsidir:

"Onilliklər ərzində həyata keçirilən xarici siyasət kursu ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə, siyasi dialoqun dərinləşdirilməsinə və qarşılıqlı iqtisadi etimadın formalaşdırılmasına xidmət edib. Bu strategiya nəticəsində Azərbaycan regional və regionlararası strateji layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilib. Enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, onu etibarlı tərəfdaş kimi tanıdıb. Bu layihələr yalnız iqtisadi dividendlər deyil, həm də siyasi sabitlik və diplomatik nüfuz qazandırıb".

Y.Hacıyeva qeyd edib ki, müasir dövrdə beynəlxalq sistem müxtəlif istiqamətlərdən gələn narahatedici çağırışlarla üz-üzədir.

"Bu çağırışlara geosiyasi qarşıdurmalar, enerji təhlükəsizliyi problemləri, regional münaqişələr və iqtisadi qeyri-sabitlik daxildir. Belə bir şəraitdə Azərbaycanın sabit inkişaf xəttini qoruyub saxlaması onun daxili siyasi dayanıqlığının və düzgün xarici siyasət kursunun göstəricisidir. Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, eyni zamanda Cənubi Qafqaz və qonşu regionlar üçün sabitləşdirici amil rolunu oynayır", - deyə müsahibimiz əlavə edib.

Tofiq Abbasov: Azərbaycanın dünyaya inteqrasiyası özümüz və tərəfdaşlarımız üçün qazanc imkanları yaradır

Hazırda dünya birliyinin təlatümlü dövr yaşadığını bildirən politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, bu dövrdə artıq bir çox ölkələr büdrəyiblər və müxtəlif toqquşmalar baş verib.

Onun fikrincə, bu vəziyyət isə insanlara yüngüllük deyil, yeni çətinliklər və itkilər gətirir:

"Ölkələrin bu cür vəziyyətdən sığortalanmasının yolları var. İlk növbədə, gərək diplomatiya öz funksiyasını layiqincə yerinə yetirsin. Müharibələrin başlaması o deməkdir ki, diplomatlar vaxtında səhvlər ediblər və nəyisə düzgün qiymətləndirməyiblər. Diplomatların səhvi ucbatından müharibələr qaçılmaz olub”.

Ölkəmizin inteqrasiyasına gəlincə, müsahibimiz qeyd edib ki, Azərbaycan dəfələrlə Ermənistanla bağlı dünya birliyinə çağırışlar edib və dünya birliyinin işğalçı siyasəti qınamasını istəyib. Lakin heç bir ölkə Ermənistanı işğalçı siyasətinə görə qınamadı. Sonunda ölkəmiz işğalçı dövləti yerində otuzdurdu.

Politoloqun sözlərinə görə, Azərbaycan üçün inteqrasiya məsələsi çox vacibdir. Hələ müharibənin davam etdiyi dövrdə ölkəmiz bir neçə layihələri həyata keçirdi. Bizim neft və qaz kəmərlərimiz inteqrasiyanı gücləndirmək məqsədi daşıyırdı və böyük mahiyyətə malik idi.

"Məsələn, Bakı-Tbilisi-Qars nəqliyyat xətti inteqrasiyanın güclənməsi üçün həyata keçirilən layihələrdən biri idi. Eyni zamanda Cənub Qaz Dəhlizi nəhəng bir layihədir. Bu layihə prezident İlham Əliyevin yetişdirdiyi proqram yanaşmadır və 10-dan ölkəyə xeyir verib. Onu da qeyd edim ki, ölkəmizin inteqrasiya sahəsində əldə etdiyi uğurlar hər zaman gözə çarpır və müsbət təəssüratlar doğurur. Ona görə də bir çox ölkələr Azərbaycanla əməkdaşlığa doğru addımlar atırlar və çalışırlar ki, ölkəmizlə münasibətlərini yenidən formalaşdırsınlar. Ümumiyyətlə, uğurun yolu inteqrasiyadan keçir. Ticarət, mübadilə, alış-veriş və tranzitlərin istifadə olunması olmasa, ölkələr inkişaf edə bilməz. Bir halda ki, Azərbaycan prezidentinin yanaşması ondan ibarətdir ki, biz sosial dövlət olmalıyıq. Ona görə  bir neçə sosial paketlər hazırlanıb və xüsusən də həssas təbəqənin münayəndələri bu paketlərdən faydalanır", - deyə T.Abbasov qeyd edib.

Həmsöhbətimiz onu da bildirib ki, ölkəmizin dünya birliyinə inteqrasiya istiqamətində tutduğu yol doğrudur:

"Azərbaycanın dünyaya inteqrasiyası özümüz və tərəfdaşlarımız üçün qazanc imkanları yaradır. Bu isə bizim üçün baş ucalığıdır. Dövlətimiz bütün ölkələrlə əməkdaşlıq etməyi üstünlük tutur. Bu məsələdə yalnız Ermənistan bir qədər kənarda dayanır. Lakin bu, bizi qorxutmur. Çünki Ermənistanın nicat yolu Türkiyə və Azərbaycanla inteqrasiyasını bərpa etməkdən keçir".

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

15 Yanvar 2026