• Bakı 10° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Hüquqi dövlət quruculuğu: Azərbaycan yeni elektron mərhələyə qədəm qoyub

LAYİHƏ

13 Fevral 2026 | 16:30

Hüquqi dövlət quruculuğu: Azərbaycan yeni elektron mərhələyə qədəm qoyub

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Müasir dövrdə dövlət idarəçiliyinin səmərəliliyi yalnız iqtisadi və texnoloji inkişafla deyil, eyni zamanda güclü və fəal vətəndaş cəmiyyətinin formalaşması, hüquqi dövlət institutlarının möhkəmlənməsi ilə sıx bağlıdır. Azərbaycan son illərdə həyata keçirdiyi kompleks islahatlar vasitəsilə bu istiqamətdə ardıcıl və strateji addımlar atır. Rəqəmsal idarəçiliyin genişləndirilməsi, insan hüquqlarının qorunmasına yönəlmiş elektron dövlət xidmətlərinin tətbiqi, şəffaflığın artırılması və dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanması hüquqi dövlət quruculuğunun əsas dayaqlarını formalaşdırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və qəbul edilən strateji sənədlər göstərir ki, Azərbaycan vətəndaş cəmiyyətinin inkişafını demokratik idarəçilik modelinin mühüm elementi kimi dəyərləndirir. Xüsusilə rəqəmsallaşma sahəsində atılan addımlar – vahid rəqəmsal arxitekturanın qurulması, dövlət xidmətlərinin “myGov” üzərindən mərkəzləşdirilməsi, kibertəhlükəsizlik və süni intellekt üzrə idarəçilik mexanizmlərinin təkmilləşdirilməsi – vətəndaşların dövlət idarəçiliyində iştirak imkanlarını genişləndirir, hesabatlılığı və şəffaflığı artırır. Bu proses həm də hüquqi dövlətin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində qanunçuluğun və institusional məsuliyyətin yüksəldilməsi baxımından fundamental əhəmiyyət daşıyır.

Məhz bu kontekstdə “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr edilmiş müşavirə təkcə texnoloji yeniliklərin təqdimatı deyil, həm də cəmiyyət–dövlət münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Vətəndaşların hüquqlarının daha çevik təmin olunması, dövlət xidmətlərinə bərabər və maneəsiz çıxışın yaradılması, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi hüquqi dövlətin institusional əsaslarını daha da gücləndirəcək, vətəndaş cəmiyyətinin inkişafına yeni dinamika verəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan daim açıq cəmiyyət modelinin gücləndirilməsinə, hüquqi dövlətin təkmilləşdirilməsinə xüsusi önəm verir və bunu konkret addımları ilə nümayiş etdirir:

"İdarəçilik sisteminin şəffaflaşdırılması, demokratik institutların fəaliyyətinin genişləndirilməsi, hüquqi çərçivənin müasirləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi kimi mühüm addımlar Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsində mühüm rol oynayır".

Onun sözlərinə görə, bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən, vətəndaş cəmiyyəti institutlarının inkişafı və hüquqi dövlət quruculuğu ilə bağlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə də ölkənin strateji hədəflərinin yeni mərhələyə keçdiyini göstərir:

"Hazırkı dövrdə hüquqi islahatlar xüsusi diqqət mərkəzindədir. “Bu məsələ dövlət idarəçiliyinin gələcək keyfiyyətini müəyyən edəcək” deyən Prezident İlham Əliyev qeyd etdi ki, şəffaflıq, hesabatlılıq, vətəndaşların idarəetmədə iştirakı və hüquqların təminatı dünyada aparıcı tendensiyalara çevrilib. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılıb və ən vacibi bu işi dövlətin əsas prioritetlərindən biri kimi müəyyən etməyimizdir".

Həmsöhbətimiz vurğulayıb ki, ölkəmizin davamlı inkişafının təmin edilməsi məhz güclü və aktiv vətəndaş cəmiyyətinin formalaşmasından keçir:

"Təbii ki, müəyyən edilən hər bir strateji hədəf dövrün çağırışlarına adekvat cavab verməyi tələb edir. Ötən mərhələyə nəzər salsaq, görərik ki, Azərbaycan həm hüquqi islahatlarda, həm də insan hüquqları sahəsində ardıcıl və sistemli işlər həyata keçirib. Vətəndaş təmsilçiliyinin genişləndirilməsi, QHT-lərin fəaliyyətinə dəstək mexanizmlərinin inkişafı da buna bariz nümunədir".

Vüqar Rəhimzadə: Hazırkı dövrdə hüquqi islahatlar xüsusi diqqət mərkəzindədir

Deputat qeyd edib ki, ölkəmizin 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi belə, Azərbaycanın açıq və inklüziv cəmiyyət modelini, beynəlxalq əməkdaşlığa açıq olduğunu nümayiş etdirən hadisələrdən biridir:

"Prezident İlham Əliyevin uzun illər əvvəl səsləndirdiyi “Neft kapitalını insan kapitalına çevirək” çağırışı da əslində vətəndaş cəmiyyəti institutlarının inkişafını, bilik və bacarıqların artırılmasını, demokratik dəyərlərin möhkəmlənməsini hədəfləyirdi".

O əlavə edib ki, Azərbaycanın bütün sahələr üzrə qəbul etdiyi inkişaf strategiyaları, fəaliyyət planları və onların uğurlu icrası hüquqi dövlət quruculuğuna kompleks və ardıcıl yanaşmanın mövcud olduğunu göstərir:

"Bu, Azərbaycanın dünyaya təqdim etdiyi müasir idarəetmə modelinin tərkib hissəsidir. Bu baxımdan vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna həsr edilən müşavirənin keçirilməsi, dövlət başçısının bu prosesi şəxsən nəzarətində saxlaması həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşlarımıza ciddi mesajdır. Bu, bir daha sübut edir ki, Azərbaycan demokratiyanın inkişafını prioritet hesab edir və bu istiqamətdə mövqeyini açıq şəkildə dünyaya nümayiş etdirir".

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycanın hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atdığı addımlar həm milli idarəetmə modelinin təkmilləşdirilməsinə, həm də beynəlxalq müstəvidə ölkənin imicinin güclənməsinə xidmət edir: 

"Dövlət institutlarının şəffaflığının artırılması, vətəndaşların qərarvermə prosesinə daha geniş cəlb edilməsi, hüquqi islahatların sistemli formada aparılması göstərir ki, Azərbaycan demokratik dəyərlərin möhkəmləndirilməsini strateji prioritet kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması isə qarşıdakı dövrdə daha inklüziv, daha hesabatlı və daha dayanıqlı idarəetmə modelinin formalaşacağına dair aydın mesajdır. Bu yanaşma ölkəmizin inkişaf kursunun əsasını təşkil edir və Azərbaycanın gələcək mərhələdə daha güclü hüquqi dövlət kimi təşəkkül tapmasına geniş imkan yaradır".

Sonda onu demək olar ki, Azərbaycanın son illərdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində ortaya qoyduğu siyasət göstərir ki, ölkə idarəetməsində yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Normativ-hüquqi bazanın yenilənməsi, ictimai iştirakçılıq mexanizmlərinin genişləndirilməsi, şəffaflığın artırılması və sosial məsuliyyət təşəbbüslərinin güclənməsi bu prosesin əsas dayaqlarını təşkil edir. Müşavirədə müəyyənləşdirilən yeni hədəflər isə onu deməyə əsas verir ki, Azərbaycan qarşıdakı illərdə daha açıq, daha çevik və hüquq mərkəzli idarəetmə modelini formalaşdırmaq niyyətindədir. Bu da vətəndaşlarla dövlət arasında etimadı artırmaqla yanaşı, ölkənin beynəlxalq tərəfdaşları qarşısında da demokratik inkişaf yolunda ardıcıl və prinsipial mövqeyə sahib olduğunu nümayiş etdirir.

Əli Hüseynov 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR