6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Söz, fikir və mətbuat azadlığı demokratik cəmiyyətlərin əsas sütunlarını təşkil edən fundamental insan hüquqları sırasındadır. Bu azadlıqlar vətəndaşların öz fikirlərini maneəsiz ifadə etməsinə, informasiyaya sərbəst çıxışına və medianın ictimai nəzarət funksiyasını yerinə yetirməsinə imkan yaradır. Lakin rəqəmsal transformasiya dövrü bu prinsiplərin mahiyyətinə yeni baxış tələb edir. İnformasiyanın istehsalı, yayımı və istehlakı kütlədən fərdi istifadəçiyə doğru güclü şəkildə yönəldiyindən, artıq hər bir şəxs informasiya ekosisteminin aktiv iştirakçısına çevrilib. Bu isə söz və mətbuat azadlığının reallaşmasında media savadlılığını kritik faktora çevirir.
Media savadlılığı yalnız xəbərlə tanış olmaq və ya informasiya əldə etmək bacarığı yox, mənbələrin etibarlılığını qiymətləndirməyi, manipulyativ mesajları ayırd etməyi, faktları yoxlamağı, sosial şəbəkələrdə məsuliyyətli davranmağı və informasiyanın yaradılması prosesini dərk etməyi əhatə edən çoxşaxəli kompetensiyadır. Qlobal səviyyədə artan feyk xəbərlər, siyasi və iqtisadi maraqlar naminə yayılan dezinformasiya kampaniyaları, süni intellektlə istehsal edilən saxta kontent, eləcə də sosial platformaların alqoritmik təsirləri bu bacarıqların əhəmiyyətini daha da artırır.
Müasir informasiya mühitində vətəndaş yalnız informasiyanı istehlak etmir, həm də aktiv şəkildə yayır. Bu isə yanlış və manipulyativ məlumatların sürətlə kütlələrə çatmasına şərait yaradır. Belə bir dönəmdə söz və fikir azadlığı yalnız hüquqi çərçivə ilə yox, həm də cəmiyyətin media savadlılığı səviyyəsi ilə ölçülür. Yüksək media savadlılığı tənqidi düşüncə formalaşdırır, ictimai rəyi sağlamlaşdırır və demokratik müzakirə mədəniyyətini gücləndirir. Əks halda, dezinformasiya və nifrət nitqi kimi təhdidlər mətbuat azadlığının məqsədlərinə zidd təsirlər yarada bilər.

Səidə Şəfiyeva: Media savadlılığı dezinformasiya ilə mübarizədə strateji əhəmiyyətə malik əsas vasitələrdən biri kimi qiymətləndirilir
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib ki, media savadlılığı dezinformasiya ilə mübarizədə strateji əhəmiyyətə malik əsas və ən təsirli vasitələrdən biri kimi qiymətləndirilir:
“Media haqqında” Qanuna əsasən, media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, məlumatı tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətini əhatə edir. Bu yanaşma vətəndaşlarda informasiyanın mahiyyətini düzgün anlama, mənbələrin etibarlılığını qiymətləndirmə, faktla rəy arasında fərqi müəyyənləşdirmə və manipulyativ məzmunu aşkar etmə bacarıqlarının formalaşmasına şərait yaradır".
Şöbə müdiri onu da diqqətə çatdırıb ki, media savadlılığının artırılması Medianın İnkişafı Agentliyinin fəaliyyətində də strateji istiqamət kimi müəyyənləşdirilib:
"Bu çərçivədə dezinformasiya ilə mübarizənin gücləndirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi əsas hədəflər sırasında yer alır. Media nümayəndələri, dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri, gənclər və müxtəlif sosial qruplar üçün keçirilən təlimlər, seminarlar və maarifləndirici layihələr vasitəsilə ictimaiyyətin bilik və bacarıqlarının artırılması prioritet istiqamətlərdən biridir. Eyni zamanda, dövlət qurumları, özəl sektor və akademik müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də diqqət mərkəzində saxlanılır".
Onun dediyinə görə, media savadlılığının inkişafı nəticəsində istifadəçilərin sosial media platformalarında yayılan məlumatlara münasibəti daha məsuliyyətli xarakter alır, təsdiqlənməmiş və şübhəli məzmunun paylaşılması azalır, etibarlı mənbələrə əsaslanan informasiyaya üstünlük verilir. Bu isə saxta və təhrif olunmuş xəbərlərin yayılma miqyasının məhdudlaşdırılmasına, cəmiyyətdə çaşqınlığın qarşısının alınmasına və sağlam informasiya mühitinin formalaşmasına mühüm töhfə verir.

Rəşad Məcid: Media savadlılığı təkcə müəyyən qurumların deyil, bütövlükdə cəmiyyətin qarşısında duran ən mühüm məsələlərdən biridir
Digər müsahibimiz olan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, media savadlılığı xüsusən bu gün informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, yeni medianın formalaşdığı və sosial şəbəkələrdə saxta, yalan xəbərlərin geniş yayıldığı bir dövrdə ən vacib məsələlərdən biridir.
"Media haqqında qanunda da media savadlılığı ayrıca qeyd olunub və təfsir edilib. Media İnkişaf Agentliyi ilə Mətbuat Şurasının imzaladığı memorandum çərçivəsində bu sahədə birgə fəaliyyətə dair tədbirlər planı hazırlanıb. Agentliyin keçirdiyi çoxsaylı tədbirlərin əksəriyyətində Mətbuat Şurasının idarə heyətinin üzvləri də iştirak edirlər",- həmsöhbətimiz deyib.
Onun sözlərinə görə, xüsusilə süni intellektin sürətlə yayılmasından sonra saxta xəbərlər daha ustalıqla hazırlanır. Bu isə bir çox sadəlövh vətəndaşların yanlış məlumatlara inanmasına səbəb olur. Media savadlılığının zəif olması nəticəsində yalan xəbərlər tez “ayaq tutur” və geniş auditoriyaya yayılır.
Rəşid Məcid qeyd edib ki, mövcud şəraitdə media savadlılığı hər bir vətəndaş üçün vacib bacarıqdır:
"Çünki bir çox hallarda yayılan yalan məlumatlar milli təhlükəsizliyimiz üçün belə təhdid yarada bilər. Mətbuat Şurası dəfələrlə sosial media istifadəçilərinə müraciət edərək məsuliyyətli davranmağı, məlumat paylaşarkən ehtiyatlı olmağı, xəbərləri bilməyərəkdən təhrif etməmək lazım gəldiyini vurğulayıb".
Sonda Mətbuat Şurasının sədri vurğulayıb ki, bu baxımdan media savadlılığı təkcə müəyyən qurumların deyil, bütövlükdə cəmiyyətin qarşısında duran ən mühüm məsələlərdən biridir. Yalan və saxta xəbərlərin qarşısının alınmasında ilk növbədə məhz media savadlılığının artırılması həlledici rol oynayır.
Açıqlamalardan o nəticəyə gəlmək olar ki, media savadlılığı bu gün informasiya təhlükəsizliyinin əsas şərtidir. Saxta xəbərlərin qarşısının alınması, cəmiyyətin doğru məlumatlanması və milli təhlükəsizliyin qorunması məhz hər bir vətəndaşın məlumatı düzgün dəyərləndirmə bacarığından keçir.
Buna görə də media savadlılığının artırılması həm dövlət qurumlarının, həm də cəmiyyətin üzərinə düşən prioritet məsələdir.
Əli Hüseynov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Bakı 





