• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Tolerantlıq siyasəti: Azərbaycan nümunəsi beynəlxalq müstəvidə

LAYİHƏ

09 Yanvar 2026 | 15:00

Tolerantlıq siyasəti: Azərbaycan nümunəsi beynəlxalq müstəvidə

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Azərbaycanda dini və milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin qorunması və inkişafı tarixi köklərə söykənən, dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi formalaşıb.

Qafqazın geosiyasi və mədəni kəsişmə nöqtəsində yerləşən Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, millətlərin və etnik qrupların birgə yaşadığı məkan olub. İslam, xristianlıq və yəhudilik kimi səmavi dinlərin nümayəndələri, eləcə də müxtəlif etnik icmalar ölkənin ictimai-siyasi və mədəni həyatında paralel şəkildə iştirak ediblər. Bu ənənə təkcə məişət səviyyəsində deyil, eyni zamanda dövlətçilik təfəkküründə də öz əksini tapıb.

Müstəqillik dövründə bu xətt daha sistemli və institusional xarakter alıb. Azərbaycan Respublikasının Konstitusiyasında vicdan azadlığının təmin olunması, bütün vətəndaşların dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olması təsbit edilib. Sonrakı illərdə qəbul edilən qanunlar və dövlət proqramları bu prinsipin praktiki müstəvidə reallaşmasına xidmət edib. Xüsusilə Heydər Əliyevin hakimiyyəti dövründə tolerantlıq və multikulturalizm ideyası dövlət ideologiyasının tərkib hissəsinə çevrilib, bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilərək yeni mərhələyə daşınıb.

2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başlaması, eləcə də mütəmadi olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumları və Dinlərarası Dialoq üzrə Dünya Sammitləri Azərbaycanın bu sahədəki mövqeyini beynəlxalq müstəvidə də ön plana çıxarıb. Eyni zamanda ölkədə sinaqoqların, kilsələrin, məscidlərin dövlət tərəfindən bərpa olunması və ya qorunması dini tolerantlığın real praktik nümunəsi kimi qiymətləndirilir.

Dini və milli tolerantlığın, eləcə də millətlərarası münasibətlərin inkişaf etdirilməsi məsələsi yalnız ideoloji deyil, həm də sosial sabitlik, daxili təhlükəsizlik və ictimai həmrəylik baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal miqyasda etnik və dini zəmində gərginliklərin artdığı bir dövrdə Azərbaycanın bu sahədə seçdiyi modelin hazırkı vəziyyəti və perspektivləri xüsusi maraq doğurur. Məhz bu baxımdan, mövcud siyasətin hansı istiqamətdə inkişaf etdiyi və bugünkü reallıqlar fonunda necə qiymətləndirildiyi aktuallığını qoruyur.

Eyni zamanda, Azərbaycanın tolerantlıq modeli yalnız mədəni müxtəlifliyin qorunması ilə məhdudlaşmır, bu yanaşma ictimai münasibətlərin bütün sahələrini əhatə edir. Dövlət səviyyəsində etnik azlıqların ana dilində təhsil imkanlarının yaradılması, milli icmaların mədəniyyət mərkəzlərinin fəaliyyətinə şərait göstərilməsi və onların media resurslarında təmsil olunması millətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulduğunu göstərir. Ləzgi, talış, avar, udin, saxur və digər etnik qrupların tarixi-mədəni irsinin qorunması bu siyasətin praktik təzahürlərindən biri kimi çıxış edir.

Postmünaqişə dövründə isə dini və milli tolerantlıq məsələsi daha geniş təhlükəsizlik və reinteqrasiya kontekstində aktuallaşıb. İşğaldan azad olunmuş ərazilərdə dini-mədəni abidələrin inventarlaşdırılması, bərpası və qorunması prosesinə yalnız islam abidələri deyil, eyni zamanda xristian və digər dini irs nümunələrinin də daxil edilməsi Azərbaycanın multikultural yanaşmasının davamlılığını nümayiş etdirir. Bu, həm daxili ictimai rəy, həm də beynəlxalq auditoriya üçün mühüm mesaj kimi dəyərləndirilir.

Bununla yanaşı, cəmiyyətin dinamik inkişafı və regional proseslər tolerantlıq siyasətinin yeni çağırışlarla üzləşdiyini də göstərir. Qloballaşma, informasiya müharibələri, radikal ideoloji təsirlər və xarici təsir cəhdləri dini və milli zəmində manipulyasiya risklərini artırır. Bu səbəbdən dövlətin sözügedən sahədə həyata keçirdiyi siyasət təkcə mədəni təşviq xarakteri daşımır, eyni zamanda preventiv və maarifləndirici mexanizmlərlə müşayiət olunur.

Dini və milli tolerantlığın formal yanaşmadan çıxaraq cəmiyyətin real sosial davranış modelinə çevrilməsi, xüsusilə gənc nəsil arasında qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin gücləndirilməsi əsas prioritetlər sırasında yer alır. Bu istiqamətdə görülən işlərin effektivliyi isə yalnız rəsmi sənədlərlə deyil, gündəlik ictimai münasibətlərdə müşahidə olunan praktik nəticələrlə ölçülür.

Məhz bu kontekstdə, dini və milli tolerantlıq, eləcə də millətlərarası münasibətlərin inkişafının hazırkı mərhələdə hansı istiqamətdə formalaşdığı və mövcud vəziyyətin necə qiymətləndirildiyi ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Azərbaycanda dini və milli tolerantlığın qorunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, millətlərarası münasibətlərin inkişafı istiqamətində mədəni bağların möhkəmləndirilməsi və harmoniyanın davamlılığının təmin olunması məqsədilə dövlət proqramları çərçivəsində ardıcıl və səmərəli işlər görülür.

Müsahibimiz qeyd edib ki, əsas məqsəd həmrəylik, tolerantlıq, ortaq mədəniyyət və mənəvi dəyərlərin birgə inkişaf etdirilib qorunmasıdır və bu amillər cəmiyyətdə birliyi, vəhdəti təmin edir. Onun fikrincə, dövlət-din münasibətlərinin qorunması və inkişafı tolerantlıq mühitinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır:

“Dövlət-din münasibətlərinin qorunması, inkişafı, tolerantlıq mühitinin səmərəli şəkildə davam etməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə bütün zəruri addımlar atılır və məqsədyönlü işlər görülür”.

Tural İrfan vurğulayıb ki, ölkədə dini qurumların sağlam və səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər il maliyyə yardımı göstərilir və Prezident bununla bağlı müvafiq sərəncamlar imzalayır. Onun sözlərinə görə, bu il də dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi və dini maarifçilik işinin müasir tələblərə uyğun aparılması məqsədilə maddi vəsait ayrılacaq:

 

 

Tural İrfan: Dini qurumlara ayrılan vəsait tam yetərlidir

“Dini qurumlara göstərilən maddi dəstək bir çox baxımdan müsbət haldır. Dini konfessiyaların xarici təsirlərə düşməməsi və asılı vəziyyətə gəlməməsi üçün fəaliyyət göstərdikləri dövlətin dəstəyini alması labüddür”.

Onun sözlərinə görə, tolerantlığın inkişafı və dinlərarası münasibətlərin sağlam şəkildə qorunması üçün bu cür dəstək zəruridir. Onun sözlərinə görə, dövlət-din siyasəti artıq beynəlxalq müstəvidə də nümunə kimi qəbul olunur:

“Dövlət başçısının həyata keçirdiyi dövlət-din siyasəti dünyada nümunə olacaq nəticələr verir. Artıq Azərbaycandakı dini tolerantlıq modeli bir sıra ölkələr üçün öyrənilən məktəbə çevrilib”.

Həmsöhbətimiz bildirib ki, dinlər və məzhəblərarası tolerantlıq, ümumbəşəri və insani dəyərlər, humanizm və mənəvi-əxlaqi irsdən gələn ənənələr müasir formatda vəhdət təşkil edir. Bununla yanaşı, dini qurumların da üzərinə məsuliyyət düşdüyünü vurğulayıb:

“Ayrılan vəsaiti tam yetərli sayıram. Dini konfessiyaların borcudur ki, dövlətin yaratdığı şəraiti və göstərdiyi dəstəyi düzgün dəyərləndirsinlər. Bu vəsaitdən səmərəli istifadə etməli, dövlətə və cəmiyyətə xidmət göstərməlidirlər”.

Onun fikrincə, dini qurumlar xalqın vəhdətinə, həmrəyliyinə və multikultural dəyərlərin qorunmasına xidmət etməli, dinlər və məzhəblərarası münasibətlərin sağlamlaşmasına töhfə verməlidir:

“Cəmiyyətin uzunmüddətli sabitliyini təmin edən əsas amillərdən biri də dini konfessiyaların sağlam fəaliyyət göstərməsidir. Milli və dini tolerantlığın qorunması və inkişafı naminə bütün lazımi işlər görülür”.

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR

09 Yanvar 2026