• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Milli kimlik və dövlətçilik canlanmada: Azərbaycanın "Böyük Qayıdış" yolu

LAYİHƏ

26 Dekabr 2025 | 17:02

Milli kimlik və dövlətçilik canlanmada: Azərbaycanın Böyük Qayıdış yolu

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Azərbaycanın müasir siyasi tarixində Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi yalnız hərbi qələbə deyil, bütöv bir millətin öz tarixi ədalətinə qovuşmasının ən parlaq nümunəsi kimi qiymətləndirilir. Bu Zəfərdən sonra qarşıda duran ən çətin və eyni zamanda ən məsuliyyətli mərhələ – Böyük Qayıdış dövrü başladı. Azərbaycan üçün Böyük Qayıdış təkcə qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması deyil, həm də uzun illər işğal altında qalmış ərazilərin yenidən həyatla doldurulması, dağıdılmış şəhərlərin bərpası, dövlətçilik ruhunun və milli kimliyin həmin məkanda yenidən canlandırılması deməkdir.

30 il ərzində erməni işğalı altında qalan torpaqlarda həyat tamamilə məhv edilmiş, şəhər və kəndlər yerlə-yeksan olmuş, mədəni abidələr talan edilmiş, təbiət vandalizmə məruz qalmışdı. Bu reallığın fonunda Böyük Qayıdış nəinki mühəndislik və iqtisadi layihədir, həm də sosial reabilitasiya, psixoloji bərpa və insan amilinə yönəlmiş dövlət siyasətinin strateji mərhələsidir. Məcburi köçkünlərin 30 ildən sonra yurdlarına qayıtması üçün onların təhlükəsizliyi, rifahı, məşğulluğu və sosial infrastrukturu təmin olunmalıdır. Bu, sadəcə ev tikmək deyil – bütöv bir həyat fəlsəfəsinin yenidən qurulmasıdır.

Azərbaycan dövləti prosesə kompleks yanaşma tətbiq edir. İlk növbədə, minalardan təmizləmə işi aparılır ki, bu da köçün başlanmasının əsas şərtidir. 240 min hektardan çox ərazinin təmizlənməsi bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Ardınca şəhərlərin Baş planları, kəndlərin planlaşdırılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi gəlir. Bu planlaşdırma Azərbaycanın Qarabağı gələcəyin modeli kimi formalaşdırmaq niyyətindən xəbər verir. Yollar, tunellər, körpülər, elektrik və su infrastrukturunun bərpası, hava limanlarının açılması – bunlar Azərbaycanın Qarabağı qapalı bir ərazidən çıxarıb beynəlxalq iqtisadi sistemə inteqrasiya etdirmək strategiyasının tərkib hissəsidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, İlham Əliyev öz çıxışlarında hər zaman bildirir ki, “Zəfəri qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir”:

"Zəfəri qorumağın yollarından biri də bərpa-quruculuğa dərhal başlamaq idi. Şübhəsiz ki, post-münaqişə dövrü Azərbaycandan kompleks yanaşma tələb edirdi. Bu baxımdan ki, Qarabağ və Şərqi Zəngəzurun qurulması, insanların öz yurd-yuvalarına geri dönməsi heç də asan məsələ deyildi. Bu işdə Azərbaycan dövləti və xalqı həmrəy olduğu qədər, həm də dövlət qurumları koordinasiyalı və sistemli iş ortaya qoymalı idilər. Azərbaycan dövlətinin bu işdə sistemli iş ərsəyə gətirdiyinin şahidiyik. Bu baxımdan qeyd olunmalıdır ki, “Böyük Qayıdışa dair Dövlət Proqramları” icra olunarkən burada vahid yanaşmanın şahidiyik". 

Onun sözlərinə görə, Ermənistan 30 illik işğal zamanı Azərbaycanın mədəni və tarixi irsini dağıtmaq yolunda əlindən gələni əsirgəmədi. Şübhəsiz ki, məqsəd torpaqlarımızdan Azərbaycanın adının silinməsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə tamamilə yeni reallıq formalaşdırdı.

"Bu reallıqda Qarabağ və Şərqi Zəngəzura yenidən həyat qayıdır. Bərpa və quruculuq işlərində hər bir abidəyə, hər bir yeni tikiliyə düzgün qulluq metodologiyası tətbiq edilir, ciddi seçimlər aparılır. Proses hər bir tikilinin hansı vəziyyətdə olduğundan və inkişaf mərhələlərindən asılı olaraq uğurla həyata keçirilir. Bu dağıntıları necə bərpa etmək və qurmaq kimi bir iş müvəfəqiyyətlə həyata keçirilir. Bütün işlərə cənab Prezident şəxsən özü rəhbərlik edir, bütün layihələr dövlət başçımızın şəxsi göstərişi ilə icra olunur",- politoloq əlavə edib.

Həmsöhbətimiz qeyd edib ki, Qarabağda gedən işlərdə “Əlaqələndirmə Qərargahı” bütün işləri sistemli qaydada və koordinasiyalı olaraq edir. Bərpa quruculuq işləri həyata keçirilərkən yerli əhalinin fikri, onların baxışları da mütləq nəzərə alınır. Rekonstruksiya metodları diqqətlə seçilir və həyata keçirilən layihələr bölgənin inkişaf mənzərəsini fundamental qaydada dəyişib: 

"Məhz göstərilən bu yanaşma əyani statistik fiqurlarda da özünü göstərir. Müxtəlif təyinatlı 177 layihənin təməli qoyulub, 167 obyektin və infrastruktur layihəsinin açılışı edilib. Azərbaycanın yenidənqurma təcrübəsi dünya tərəfindən öyrənilir. Qarabağ və Şərqi Zəngəzur bərpa edilərkən, milli səviyyədən tutmuş fərdi yanaşmaya qədər müxtəlif məkan amillərinə də nəzər yetirilir". 

Onun bildirdiyinə görə, torpaqların minalanması, şübhəsiz ki, bu məsələyə başlıca maneədir. 240 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Qarabağda beynəlxalq hava limanları istifadəyə verilir ki, bu da Azərbaycan iqtisadiyyatının və Qarabağın birbaşa dünya iqtisadiyyatına inteqrasiyası deməkdir. Dünya praktikasında müharibədən sonra yenidənqurma işində resursların çatışmazlığı müşahidə olunursa, Azərbaycan bunların heç birinə icazə vermir.

Şəbnəm Həsənova: Məhz göstərilən bu yanaşma əyani statistik fiqurlarda da özünü göstərir

"Eyni zamanda, bu işi Azərbaycan öz maliyyə resursları hesabına təmin edir. Materialların və işçi qüvvəsinin seçimi olduqca diqqətlə aparılır. Qarabağ və Şərqi Zəngəzurun bərpasında dövlət qurumlarımız qədər özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, Ali Baş Komandan dövlət qurumları qarşısında tapşırıq qoyur ki, özəl sektora şərait yaradılsın. Tikinti sənayesində yenidənqurma potensialının həcmi artırılır, nəqliyyat şəbəkəsi gücləndirilir, bazar mexanizmləri burada tətbiq edilir. Azərbaycan dünyanın müasir çağrışlarına da cavab verir. Odur ki, ətraf mühitə zərər vurulmaması istiqamətində mülahizə və mexanizmlər nəzərə alınır ki, ümumi planlaşdırılmaya xələl gəlməsin. İşğaldan azad edilmiş ərazilərin ümumi planı, 8 şəhərin baş planı, 3 şəhərin isə müfəssəl planı təsdiqlənmiş, Xankəndi, Xocalı, Ağdərə və Xocəvənd şəhərlərinin Baş planları da işlənilmə məlhələsindədir. Su, elektrik stansiyası, su anbarları, elektrik yarımstansiyası artıq istismara verilib. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə Azərbaycan elminin səsi artıq Qarabağdan gəlir",- Ş.Həsənova qeyd edib.

Sonda müsahibimiz əlavə edib ki, "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənmiş, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları da işlənilmə mərhələsindədir. Qarabağa və Şərqi Zəngəzura Azərbaycanın adı qızıl hərflərlə yazılır. 

Demək olar ki, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi yalnız hərbi zəfər deyil, həm də Azərbaycanın milli birliyinin, dövlətçilik potensialının və tarixi ədalət uğrunda iradəsinin təcəssümüdür. Böyük Qayıdış dövrü təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıtması deyil, həm də işğaldan azad edilmiş torpaqların müasir standartlara uyğun bərpası, sosial-iqtisadi həyatın bərpası və milli kimliyin yenidən canlandırılması prosesidir. Azərbaycan dövləti bu mərhələdə kompleks və sistemli yanaşma nümayiş etdirərək mühəndislik, iqtisadi, sosial və mədəni sahələrdə tarixi əhəmiyyətli layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri yalnız fiziki tikinti deyil, həm də insan amilinin, təhlükəsizliyin, rifahın və davamlı inkişafın təmin olunduğu strateji bir layihədir. Bu proses Azərbaycanın gələcəyə baxışını, dövlət və cəmiyyətin həmrəyliyini və milli dəyərlərə hörmətini əyani şəkildə göstərir. Nəticə etibarilə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda quruculuq və inkişaf modeli dünya üçün örnək olacaq bir strategiya kimi formalaşır.

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR