“ABŞ-nin İrandakı əsas məqsədlərindən biri nüvə proqramı ilə bağlıdır. ABŞ və İsrail İranın nüvə proqramını ötən ilin yayında xüsusi zərbələrlə dağıtdılar”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Ekspert bildirib ki, son 5-6 ay ərzində İranın nüvə proqramı ilə bağlı heç bir söz deyilmir:
“Çünki İrana zərbələrlə bu proqramı ən azı 5-6 il geri atıblar. Digər məqam odur ki, Yaxın Şərqdə İran paralel olaraq ordular yaradırdı və bir çox ölkənin daxili işlərinə qarışırdı. İsrailə, yəni ABŞ-nin müttəfiqinə təhdid yaradırdı. İsrail də son 2 il ərzində İranın bölgədəki proksi qüvvələrini darmadağın etdi. Yeganə belə qüvvə sadəcə Yəməndə qalıb, ancaq onlardan da səs-səmir çıxmır”.
Müsahibimiz qeyd edib ki, digər məqam isə İranın raket proqramıdır. Dediyinə görə, ötən ilin yayında İrandan havalanan raketlər birbaşa İsrail ərazisini vururdu:
“Yəni İranın raket sistemi işləkdir. Düzdür, 10 raketdən 8-ni vursalar da, 2-si İsrail ərazisinə düşür və İsrail ərazisi o qədər də böyük deyil. Ona görə də ABŞ-ni İranın raket sistemi çox ciddi narahat etməkdədir”.

Fərhad Məmmədov: ABŞ və İsrail öz planlarını icra etmək üçün etirazların ikinci dalğasını gözləyirlər
F.Məmmədova görə, birdən-birə İrana zərbə vurmaq, hərbi müdaxilə etmək mümkün deyil:
“Hətta Donald Tramp kimi siyasətçi də bunu edə bilməz. İndi İranda başlamış etirazlar ABŞ-yə yaxşı fürsət verir. İsrail də bu haqda düşünür”.
Politoloq vurğulayıb ki, hər iki ölkənin İrandakı rejimlə bağlı fikirləri üst-üstə düşsə də, ABŞ də, İsrail də gözəl anlayır ki, İranda rejimi dəyişmək çox çətin olacaq:
“Hazırda Tehran hökuməti etirazların birinci dalğasını sərt tədbirlərlə qarşısını alıb. İkinci dalğa gözlənilir. ABŞ və İsrail öz planlarını icra etmək üçün etirazların ikinci dalğasını gözləyirlər”.
Aydın Baxış
Bakı 




