İsrail süni intellekt (AI) sahəsində strateji tərəfdaşlığa dair ABŞ ilə birgə bəyannamə imzalayan dünyada ilk ölkə olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, Qüdsdəki “Davud şəhəri”ndə baş tutan imzalama mərasimində İsrailin xarici işlər naziri Gideon Saar, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və digər rəsmi şəxslər iştirak ediblər.
Razılaşmaya əsasən, hər iki ölkə AI, enerji texnologiyaları, qabaqcıl hesablama infrastrukturu, kosmos və digər strateji sahələrdə müştərək tədqiqat, investisiya və kommersiyalaşdırma fəaliyyətlərini genişləndirəcək. Sənəd həmçinin həssas texnologiyaların qorunması və etibarlı təchizat zəncirlərinin qurulmasına xüsusi diqqət ayırır.
Qeyd edək ki, bu razılaşma ABŞ-nin rəhbərlik etdiyi və keçən ay İsrailin də qoşulduğu “Pax Silica” təşəbbüsünün praktiki icrasının davamı hesab olunur.
Əlavə edək ki, sözügedən qlobal təşəbbüs süni intellekt dövründə iqtisadi təhlükəsizliyi təmin etmək üçün Yaponiya, Cənubi Koreya, Sinqapur, Böyük Britaniya və BƏƏ kimi texnoloji lider ölkələr arasında təchizat zənciri və kritik minerallara çıxış sahəsində əməkdaşlığı nəzərdə tutur.
Bakı 




