Slovakiyanın Baş naziri Robert Fiko ilə ABŞ dövlət katibi Marko Rubio Bratislavada keçirilən danışıqlarda atom energetikası sahəsində əməkdaşlıq, Mərkəzi Avropaya qaz və neft tədarükü, eləcə də Ukraynadakı münaqişəni müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fiko mətbuat konfransında danışıb.
O bildirib ki, Slovakiya üçün ABŞ ilə atom energetikası sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. O xatırladıb ki, fevralın 13-dən müvafiq ikitərəfli saziş qüvvəyə minib. Baş nazirin sözlərinə görə, 2027-ci ildə ABŞ-nin “Westinghouse” şirkəti ilə ölkədə 1200 meqavat gücündə enerji blokunun (2040-cı ilədək) tikintisinə dair müqavilənin imzalanması planlaşdırılır.
Fiko Rubionu Slovakiyanın enerji daşıyıcıları ilə təminatı sahəsində vəziyyət barədə məlumatlandırıb. O bildirib ki, Aİ-nin zərərli və ideoloji qərarları səbəbindən Slovakiya tədarük zəncirinin sonunda qalıb. Baş nazir vurğulayıb ki, Rubionun Bratislavaya səfəri və onun Macarıstanın Baş naziri Viktor Orbanla planlaşdırılan görüşləri regionun enerji təminatı məsələsində irəliləyişə gətirib çıxaracağına ümid edir.
Fiko həmçinin ABŞ administrasiyasının Ukraynadakı münaqişənin tezliklə nizamlanmasına yönəlmiş səylərini alqışlayıb və Slovakiyanın müharibənin başa çatmasına töhfə verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazır olduğunu bildirib./Teleqraf
Bakı 




