• Bakı 19° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Ermənistanda seçkiöncəsi gərginlik: Rusiyanın planı və region üçün risklər

SİYASƏT

24 Oktyabr 2025 | 09:36

Ermənistanda seçkiöncəsi gərginlik: Rusiyanın planı və region üçün risklər

Ermənistanda yaxınlaşan parlament seçkiləri təkcə bu ölkənin gələcəyini deyil, bütövlükdə Cənubi Qafqazın siyasi mənzərəsini müəyyən edə bilər.

Son aylarda Kremlin regionda yenidən təsir dairəsini bərpa etməyə çalışdığı müşahidə olunur. Rusiya Ermənistan daxilində müxtəlif siyasi və iqtisadi qrupları bir araya gətirməklə yeni “vahid blok” formalaşdırmaq niyyətindədir. Əgər bu plan uğur qazanarsa, 8 avqustda Vaşinqtonda əldə olunmuş sülh razılaşmasının gələcəyi, eləcə də Zəngəzur dəhlizində nəzərdə tutulan layihələr ciddi sual altına düşə bilər.

Politoloq Züriyə Qarayeva proseslərin Azərbaycan, Türkiyə və Qərb üçün mümkün nəticələrini Bakıvaxtı.az-a şərh edib. Onun sözlərinə görə, Rusiya bu seçkiləri təkcə siyasi proses kimi deyil, Cənubi Qafqazdakı təsir imkanlarını bərpa etmək üçün fürsət kimi görür. Politoloq deyib ki, Paşinyanın Qərbə meylli siyasəti Moskvanı narahat edir və Kreml onu zəiflətmək üçün daxildə müxtəlif qüvvələri birləşdirməyə çalışır:

“Bu məqsədlə həm kilsə, həm biznes elitası, həm də keçmiş siyasi liderlər müəyyən “vahid cəbhə” altında toplanır. Əsas hədəf Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və onun yerinə Rusiyaya sadiq hökumət gətirməkdir. Əgər bu baş tutarsa, Rusiya yenidən Ermənistan üzərindən regiona nəzarət mexanizmini bərpa edəcək. Bu isə Qafqazda yeni gərginlik dalğasının başlanğıcı ola bilər2.

Müsahibimiz hesab edir ki, əgər Paşinyan seçkiləri uduzsa, ilk növbədə Ermənistanın Qərblə yaxınlaşma siyasəti dayanacaq. Bununla yanaşı, 8 avqust Vaşinqton razılaşmalarının icrası və sülh sazişi prosesi dondurula bilər:

“Rusiya təsirini bərpa edərək Ermənistanı yenidən öz orbitinə qaytarmağa çalışacaq. Bu vəziyyətdə Azərbaycan və Türkiyə ilə aparılan normallaşma dialoqları da dayana bilər. Qərb isə regionda təsir imkanlarını itirə bilər və balans yenidən Moskvanın xeyrinə dəyişər. Belə ssenari həm Zəngəzur dəhlizi layihəsini, həm də bütün regional sabitliyi risk altına salacaq”.

Züriyə Qarayeva: Paşinyana təzyiq artdıqca, Azərbaycan diplomatiyası konstruktiv mövqedə qalmalıdır

ABŞ və Qərbin bu vəziyyətə reaksiyasına gəlincə, Z.Qarayeva qeyd edib ki, Vaşinqton artıq regionda Rusiya ilə birbaşa rəqabət mərhələsinə keçib və bu səbəbdən ABŞ üçün Ermənistanın demokratik seçkilər keçirməsi önəmlidir. Dediyinə görə, ABŞ-nin əsas tələblərindən biri Rusiyanın Çindən uzaqlaşması, digəri isə hücumların dayandırılmasıdır:

“Tramp administrasiyası həm iqtisadi, həm də siyasi baxımdan bölgədə sabitliyi təmin etməyə çalışır. Çünki Ukraynanın mineral ehtiyatlarından istifadə və iqtisadi layihələrin həyata keçirilməsi üçün təhlükəsizlik vacibdir. ABŞ bu məsələdə həm Türkiyə, həm də Azərbaycanla koordinasiyalı şəkildə hərəkət etməyə çalışacaq. Vaşinqtonun məqsədi Rusiyanın bölgədə yeni münaqişə ocaqları yaratmasının qarşısını almaqdır”.

“Azərbaycan bu vəziyyətdə hansı addımlar atmalıdır” sualına cavab verən həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan üçün əsas prioritet bölgədə sabitliyin qorunması və sülh sazişinin reallaşmasıdır. Onun sözlərinə görə, Paşinyanın nüfuzunun zəifləməsi fonunda Bakıdan gələn bəyanatlarda ehtiyatlı ton saxlanmalıdır.

“Ermənistan daxilində Paşinyana qarşı təzyiq artdıqca, Azərbaycan diplomatiyası konstruktiv mövqedə qalmalıdır. Prezident İlham Əliyevin Astanada yolların açılması barədə verdiyi mesaj bu baxımdan mühüm addım idi. Azərbaycanın məqsədi Ermənistanın yenidən Rusiyanın tam nəzarətinə düşməsinin qarşısını almaq olmalıdır. Bu istiqamətdə həm Türkiyə, həm də Qərb ilə əməkdaşlıq daha da gücləndirilməlidir”, - dyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

23 Oktyabr 2025