• Bakı 16° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Ankara-İrəvan münasibətlərinin normallaşması sülh müqaviləsindən asılıdır - ŞƏRH

SİYASƏT

22 Noyabr 2025 | 10:03

Ankara-İrəvan münasibətlərinin normallaşması sülh müqaviləsindən asılıdır - ŞƏRH

“Azərbaycan-Türkiyə-Ermənistan xəttində normallaşma prosesi hazırda ümumilikdə müsbət istiqamətdə davam edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün cəmi bir addım qalıb. Bu mərhələdə əsasən texniki məsələlər müzakirə olunur və həmin məsələlərin həlli Ermənistan tərəfindən təmin edilməlidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra isə Vaşinqtonda paraflanmış sazişin imzalanması üçün real imkan yaranacaq və bu proses üçün hazırda heç bir maneə görünmür.

Müsahibimiz qeyd dib ki, paralel şəkildə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da birbaşa Azərbaycanla imzalanacaq sülh müqaviləsindən asılıdır:

“Çünki rəsmi Ankara bu xətti məhz Azərbaycanın mövqeyinə uyğun olaraq bağlı saxlayıb. Buna görə də iki prosesi bir-birindən ayırmaq mümkün deyil və siyasət eyni paralellərdə irəliləyir".

 

Zeynal Əmrəliyev: Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün həyati əhəmiyyət daşıyır

Politoloq qeyd edir ki, hazırda diplomatik danışıqlar davam edir və bu danışıqlar fonunda Ermənistan artıq anlamalıdır ki, başqa çıxış yolu yoxdur. Gözləntilərə görə, Ermənistanda bir neçə aydan sonra keçiriləcək parlament seçkilərində Paşinyan istədiyi nəticəni əldə etsə və xalqdan etimad ala bilsə, çox böyük ehtimalla növbəti mərhələdə referenduma gedəcək. Həmin referendumda da Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin icrasını təsdiqləmək yolunu seçəcək.

Z.Əmrəliyev vurğulayıb ki, Ermənistan üçün həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşması həyati əhəmiyyət daşıyır:

“Çünki uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlaması və bu səbəbdən Azərbaycanla, eləcə də Türkiyə ilə əlaqələrinin kəsilməsi Ermənistanı faktiki olaraq Rusiyadan asılı vəziyyətə saldı. Ermənistanın forpost dövlət kimi görünməsinin əsas səbəbi də məhz bu münaqişə idi".

Müsahibimizin fikrincə, əgər Baş nazir Nikol Paşinyan Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyirsə, bunun ən mühüm yolu regional iqtisadi münasibətlərin yenidən qurulmasından keçir. Politoloq qeyd edib ki, xüsusilə Türkiyə ilə iqtisadi əlaqələrin açılması Ermənistan üçün ciddi imkanlar yarada bilər:

"Buna görə də Paşinyan seçkilərdə qalib gəlsə və mövqeyini möhkəmləndirsə, hökumətin əsas hədəfi məhz bu məsələlərin həlli olacaq. Məqsəd Ermənistanı hazırkı vəziyyətdən çıxarıb Azərbaycan və Türkiyə ilə münasibətləri mümkün qədər tez normallaşdırmaqdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

21 Noyabr 2025