Azərbaycan Respublikasının son illərdə apardığı müstəqil və milli çıxarlara söykənən siyasəti bölgədə bəzi aktorların, özəlliklə İranın, rahatsızlığı ilə müşayiət olunub. Bu rahatsızlıq zaman-zaman təzyiq, hədə-qorxu və psixoloji təsir elementləri ilə açıq şəkildə ifadə edilib. Lakin prosesin gedişi göstərdi ki, belə cəhdlər nə Azərbaycanın iradəsini sarsıda bildi, nə də formalaşan yeni gerçəklikləri dəyişdi.
Beş il öncəyə - 44 günlük savaş fonunda Xudafərin yönündə baş verən olaylara qayıdaq.
Bəli, 2020-ci il şanlı Vətən savaşı zamanı Azərbaycan Silahlı Qüvvələrinin Xudafərin yönündə sürətli irəliləyişi İran tərəfinin ciddi rahatsızlığına səbəb olmuşdu. Həmin mərhələdə sərhəd bölgəsinə yaxın ərazilərdə gərginlik ritorikası artdı; rəsmi və yarı-rəsmi kanallardan “rahatsızlıq siqnalları” verildi; Azərbaycanın hərbi əməliyyatlarının guya regional dəngəni pozduğu iddia olundu və s.
Əslində isə bu rahatsızlığın kökündə respublikamızın öz beynəlxalq səviyyədə tanınmış ərazilərində suverenliyini bərpa etməsi faktı dayanırdı. Məgər bu kimisə incitməliydimi?..
Yaxud rəsmi Tehranın sərhəddə hərbi təlimlər və güc nümayişini yada salaq.
Savaşdan sonrakı dönəmdə İran tərəfindən Azərbaycan Respublikası ilə sərhəddə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi, ağır hərbi texnikanın sərhəd xəttinə toplanması, qarşı tərəfin mediasında aqressiv ritorikanın gücləndirilməsi və s. - bunlar təzyiq siyasətinin vizual və psixoloji elementləri kimi çıxış etdi.
Bax, belə addımların əsas məqsədi, öz ağıllarınca, Azərbaycana ismarıc vermək, yeni regional düzəni şübhə altına almaq, öz içəri auditoriyalarına “sərt mövqe” nümayiş etdirmək idi.
Hələ “xüsusi əməliyyat” hədələri və qırmızı xətlər ritorikasını deməzsinizmi?..
İran rəsmilərinin və onlara yaxın çevrələrin tez-tez səsləndirdiyi “xüsusi əməliyyat” təhdidləri, Azərbaycanın guya “qırmızı xətləri keçməsi” barədə açıqlamalar və s. gerçəklikdən daha çox təzyiq ritorikasının tərkib hissəsi deyildimi?..
O “qırmızı xətlər” anlayışı hüquq əsaslı deyildi, əlbəttə; əlbəttə, həmin rəngli xətlərin ideoloji xarakter daşıdığı və bölgədə artıq formalaşmış yeni güc dəngəsi ilə uyğun gəlmədiyi aydın idi.
Azərbaycan Respublikasının cavabı isə müdrikanəydi: sakitlik, ardıcıllıq və nəticə!
Yəni bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan dövləti emosional reaksiya vermədi, ritorika savaşına girmədi, hərbi-siyasi xəttini dəyişmədi. Bunlar çox önəmliydi, əlbəttə.
Əksinə, Bakı sakit, ardıcıl və hüquqa əsaslanan davranışla öz milli çıxarlarına söykənən yolunu davam etdirdi, yeni gerçəklikləri addım-addım qonşu ölkələrə qəbul etdirdi, bölgədə faktiki güc və legitimlik dəngəsini möhkəmləndirdi.
Bu isə, İran daxil olmaqla bütün regional aktorlara açıqmı - açıq ismarıc idi: Azərbaycan artıq təzyiqləri aşmış və özü gerçəklik yaradan dövlətdir.
Beləliklə,Tehranın Bakıya qarşı təzyiq cəhdləri strateji sonuc vermədi, siyasi məqsədlərinə çatmadı; əksinə, Azərbaycanın mövqeyinin möhkəmlənməsi ilə yekunlaşdı.
Azərbaycan bu mərhələdə də göstərdi ki, milli çıxarlara söykənən siyasət ardıcıllığa, hüquq legitimliyinə əsaslananda qalib gəlir - yəni qorxuya qətiyyən yer yoxdur…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Bakıvaxtı.az
Bakı 












