• Bakı C

    10.12 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Boru kəmərləri tankdan-topdan irəlidədir və daha uzaq yerlərə yetə bilir… - Əkbər Qoşalı yazır
YAZARLAR
04 Mart 2026 | 16:06

Boru kəmərləri tankdan-topdan irəlidədir və daha uzaq yerlərə yetə bilir… - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının nazirlərin 4-cü iclası, qərarlarla yanaşı bir sıra önəmli məqamlarla yadda qalacaq. Bəli, tarix yalnız tribunada elan edilmir – o, masa arxasında, müzakirə mühitində yazılır. Ayrıca, bəzən boru kəmərləri tankdan-topdan irəlidə - dəyişim gücünə malik ola bilir...

Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər yalnız enerji siyasətinin texniki konturları kimi götürülməməlidir; o çıxış həm də XXI yüzilin yeni geosiyasi gerçəkliyinin fəlsəfəsini ifadə edir.

On iki il öncə başlanmış təşəbbüs bu gün artıq böyük bir enerji platformuna çevrilib. O vaxtlar bir layihə kimi görünən Cənub Qaz Dəhlizi indi Avrasiya məkanında işbirliyinin gerçək, işlək bir arteriyasıdır. Prezidentin sözləri ilə desək, “birlikdə toplaşmağın və mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə qədər vacib olduğunu” indi daha aydın görürük. Çünki son on iki il dünya üçün asan keçmədi: pandemiyalar, müharibələr, enerji böhranları və geosiyasi gərginliklər yaşandı... Lakin bütün bu sınaqlara baxmayaraq, Azərbaycan və tərəfdaşları enerji təhlükəsizliyini bir ideyadan gündəlik həyatın hiss olunan gerçəkliyinə çevirməyi bacardı.

Bu gün Azərbaycan qazı 16 ölkəyə çatır və bu göstəriciyə görə ölkəmiz boru kəmərləri ilə qaz tədarük edən ölkələrin sayı baxımından dünyada birinci yerdədir. Bu fakt, əlbəttə, sadəcə statistika kimi götürülməməlidir; bu, yeni enerji diplomatiyasının göstəricisidir. Azərbaycanın qazı artıq Avropanın enerji xəritəsində önəmli yer tutur və coğrafiya genişlənməkdə davam edir. Almaniya, Avstriya kimi ölkələrin də bu siyahıya qoşulması Avropa enerji bazarında Azərbaycanın rolunun artdığını göstərir. Eyni zamanda Suriyaya qaz tədarükünün başlanması enerji siyasətinin humanitar ölçüsünü də ortaya qoyur – yəni enerji yalnız iqtisadi resurs kimi qəbul edilmir, necə deyərlər, bir baxıma həyatın özünə çevrilir.

Enerji siyasətində digər önəmli xəttin şaxələndirmə olduğu istər rəsmi istər ictimai platformlarda dəfələrlə vurğulanıb. Azərbaycan Prezidentinin vurğuladığı kimi, şaxələndirmə yalnız istehlakçılar üçün deyil, istehsalçılar üçün də həyati əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan yeni yataqların – “Abşeron”, “Ümid”, “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları və “Şahdəniz”in növbəti mərhələsinin – işlənməsi ilə hasilatı artırmağı planlaşdırır; habelə mövcud boru kəmərləri sisteminin genişləndirilməsi üzərində düşünüldüyü də bəllidir. Çünki Cənub Qaz Dəhlizi, demək olar, tam gücü ilə işləyir və gələcək tələbat yeni infrastruktur tələb edir.

Ancaq Bakı yalnız qaz haqqında danışmır. Bakı artıq enerji keçidi haqqında danışır. Külək və Günəş elektrik stansiyaları, Qara dənizin dibi ilə Avropaya uzanacaq enerji kabeli, Mərkəzi Asiyadan gələcək yeni enerji bağlantıları… – bütün bunlar Azərbaycanın enerji siyasətinin gələcək konturlarını müəyyən edir. 2032-ci ilə qədər 6–8 giqavat bərpaolunan enerji gücü əldə etmək planı isə bu strategiyanın miqyasını göstərir. Biz artıq, təkcə ekologiya məsələsinə vurğu etmirik; söhbət, iqtisadiyyatın, sənayenin və yeni texnoloji sahələrin – süni intellekt və data mərkəzlərinin enerji təminatından gedir.

Prezidentin çıxışında özəlliklə diqqət çəkən məqam isə praqmatik yanaşmadır. O, açıq şəkildə bildirdi ki, bərpaolunan enerji vacibdir, lakin qazıntı yanacaqlarını tamamilə nəzərə almamaq reallıqdan uzaqdır. Bəli, bu ideoloji yanaşmadan daha irəli – real siyasətin ifadəsidir. Bəli, enerji təhlükəsizliyi romantik şüarlardan uzaqda – balanslı və ağıllı strategiyadan doğur.

Bu gün Azərbaycan enerji göndərən ölkə olmaqla yanaşı, həm də enerji körpüsü rolunu oynayır. Qazaxıstan və Türkmənistan neftinin tranziti, Türkiyə və Avropada enerji infrastrukturlarına yatırımlar, Aralıq və Egey dənizlərində neftayırma güclərinin genişləndirilməsi – bütün bunlar Azərbaycanın qlobal enerji zəncirində mövqeyini gücləndirir.

Budur, Bakıdan dünyaya verilən ismarıc sadədir, amma dərin anlam daşıyır:
enerji təhlükəsizliyi ilk sırada güvən məsələsidir və yalnız resurs məsələsi kimi yorumlanmamalıdır.

Görünür ki, XXI yüzilin enerji xəritəsində həmin güvən mərkəzlərindən biri Azərbaycan olacaq. Bəs niyə də olmasın?..

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR