Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışı münasibətilə "Açıq qapı" günü təşkil edilib.
Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunlarının komandanı Ağamir Sultanov, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini, Hava Döyüş komandiri Zaur Rüstəmov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi Azər İbrahimov, Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi Vasif Xəlilov və Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinin dekanı, professor İbrahim Hətəm iştirak edib.
Təntənəli mərasimin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Lisey ərazisində ucaldılmış̧ abidələri ziyarət olunub və önlərinə gül dəstələri qoyulub. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında dövlət himni səsləndirilib.
Buraxılış mərasimində tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları salamlayaraq, onları məzun olmaları münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində kursantlara uğurlar arzulayıb.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev çıxış edərək məzunları təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Sonra hərbi liseyi fərqlənmə ilə bitirən məzunlara, fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Kursantlar adından çıxış edən kurs birincisi bildirib ki, hərbi liseydə əldə etdikləri bilik və bacarıqları növbəti təhsil müəssisələrində daha da inkişaf etdirəcəklərinə dair söz verib.
Hərbi liseyin rəmzi kötüyünə 2026-ci ilin xatirə lövhəsi vurulduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda kursantlar hərbi orkestrin müşayiəti ilə marşları ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. Valideynlərə məzun övladları ilə görüşmək və təbrik etmək üçün şərait yaradılıb.
Buraxılış mərasiminə həsr olunmuş tədbir bitdikdən "Açıq qapı" iştirakçıları liseydə yaradılmış şərait və tədris prosesi ilə tanış olublar.
"Açıq qapı" çərçivəsində Hərbi Liseydə fəaliyyət göstərən Heydər Əliyevin adını daşıyan muzey ziyarət olunub, burada dahi rəhbərə həsr olunmuş ekspozisiyalar barədə, həmçinin, muzeyin yaranma tarixi, fəaliyyəti barədə "Açıq qapı" iştirakçılarına məlumat verilib.
Qonaqlara Hərbi Lisey haqqında geniş brifinq təqdim olunub. Bildirilib ki, MMU-nun tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə, Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb.
Azərbaycan Ordusunda xidmət edən peşəkar zabitlərin yetişdirilməsində Hərbi Liseyin müstəsna rolu olduğu diqqətə çatdırılıb. Bu gün Ordumuzun yüksək hərbi təhsilə malik kadrlarla təmin olunmasının təməlində məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.
Qonaqlara məlumat verilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Bura 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarını verməklə qəbul olunurlar.
Liseydə təhsil müddəti 2 ildir. Təhsil müddətində kursantlara əsasən 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi və fiziki hazırlıq üzrə məşğələlərdə də qabiliyyətlərini inkişaf etdirirlər.
Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 14 mindən çox gənc bitirib, məzunlardan 20 nəfərdən çox zabit "general" ali rütbəsinə yüksəlib.
Vətən müharibəsində hərbi liseydə xidmət edən 60 nəfər hərbi qulluqçu döyüş əməliyyatlarında iştirak edib, onlardan 1 nəfər zabit şəhidlik zirvəsinə yüksəlib, 3 nəfər hərbi qulluqçu yaralanıb, onlarla döyüşçülərimiz orden və medallarla təltif olunub.
Qürur hissi ilə bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş şəxslərdən 11 nəfəri məhz bu təhsil ocağının məzunudur, 1 nəfər isə hərbi liseydə xidmət edən zabitdir. Eləcə də, Hərbi Liseyin məzunlarından 19 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Vətən müharibəsində göstərdiyi igidlik və şücaətlərə görə Hərbi liseyin 100 nəfərdən çox məzun orden və medallarla təltif olunub.
Daha sonra "Açıq qapı" iştirakçıları tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi, tibb məntəqəsi və digər inzibati binalarda olub, burada kursantlar üçün yaradılmış şəraitlə tanış olublar.
Milli Müdafiə Universitetinin və C.Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi "Açıq qapı" günündə iştirak edənləri maraqlandıran sualları cavablandırıb.
Hərbi liseyin rəisi Anar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, lisey Azərbaycan Ordusunda kadrların yetişdirilməsində xüsusi rol oynayır:
"Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsası 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin dediyi kimi: ‘Mən bu gün bütün çətinliklərə sinə gələrək Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdım ki, Azərbaycanın müdafiəsində öz zabitləri dursun". Bu gün biz fəxrlə buraxılış mərasimlərini keçiririk. Əminliklə bildirirəm ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları Azərbaycanın keşiyində məğrurcasına dayanır, milli kadrlar kimi yetişirlər".
Liseyi bitirən kursant Abidin Behbudov bildirib ki, bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdiyi üçün ilk növbədə özünü və bütün kursant yoldaşlarını ürəkdən təbrik edir:
"Ulu Öndər Heydər Əliyev tərəfindən 1971-ci ildə əsası qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Lisey illər boyu böyük uğurlara imza atıb, Vətənə layiqli zabitlər yetişdirib. Bu gün biz də həmin şərəfli ənənənin davamçıları kimi məzun oluruq. Bu iki il ərzində üzərimizdə böyük əməyi olan komandirlərimizə, müəllim heyətinə və liseyin bütün şəxsi heyətinə səmimi minnətdarlığımı bildirirəm. Onların bizə verdiyi bilik, tərbiyə, intizam və vətənpərvərlik ruhu gələcək həyatımızda ən böyük dayaq olacaqdır. Bu gün hərbi liseylə vidalaşarkən qürur hissi keçirirəm. Eyni zamanda, qarşıda bizi daha böyük məsuliyyətlərin gözlədiyini dərk edirəm. Əminəm ki, burada qazandığımız bilik və təcrübə gələcək xidmət fəaliyyətimizdə uğur qazanmağımıza kömək edəcəkdir.
Bütün kursant yoldaşlarıma gələcək təhsil və xidmət həyatlarında uğurlar, yeni nailiyyətlər və Vətənə şərəflə xidmət etməyi arzulayıram".
Kursantın valideyni qeyd edib ki, oğlunun son iki il ərzində burada aldığı təhsil, tərbiyə və təlimin yüksək səviyyədə təşkili ilə bağlı başda hərbi liseyin rəisi, Azərbaycanın Vətən Müharibəsinin qəhrəmanı Anar Mirzəyevə olmaqla, bütün rəhbərliyə, müəllim heyətinə və şəxsi heyətə dərin minnətdarlığımı bildirir:
"Bu təhsil ocağında şagirdlərə göstərilən diqqətə, qayğıya və səmimi münasibətə görə hər bir əməkdaşa təşəkkür edirəm. Arzu edirəm ki, burada qazandıqları bilik və tərbiyə onların gələcək təhsil həyatlarında, ali təhsil müəssisələrində və sonrakı fəaliyyətlərində uğurlarının əsasını təşkil etsin.
Eyni zamanda, bütün valideynlər adından da məktəbin rəhbərliyinə, müəllimlərinə və əməkdaşlarına təşəkkürümü və minnətdarlığımı çatdırıram".
Kursant isə Tahir Vəliyev qeyd edib ki, məzun olan hərbi bir kursant gələcəkdə Azərbaycan Ordusunun sıralarında peşəkar, ləyaqətli və şərəfli zabitlər kimi xidmət edəcək:
"Mən hərbçi peşəsini öz istəyimlə seçmişəm. Bu seçimimdə ailəmin, xüsusilə də sərhəd xidmətində çalışan qardaşımın böyük rolu olub. Uşaq yaşlarımdan onun hərbi formasına, xidmətinə və məsuliyyətinə heyranlıqla baxmışam. Məhz buna görə hərbçi olmağı qarşıma məqsəd qoymuşam. Bu gün hərbi yolda addımlamaq və gələcəkdə Vətənə xidmət etmək mənim üçün böyük qürur və şərəfdir. İnanıram ki, qazandığımız bilik və təcrübə ilə ölkəmizə layiqincə xidmət edəcəyik. Yaşasın Azərbaycan!".
Bakı 



