Sosial şəbəkələrdə uşaqlarda ağcaqanad və həşərat dişləmələri ilə bağlı narahatlıq yaradan paylaşımların sayı çoxalıb. Xüsusilə bədənin müxtəlif yerlərində şişkinliklər, qızartılar və allergik reaksiyalar diqqət çəkir.
Ekspertlər bildirirlər ki, havaların istiləşməsi, yağıntıların artması və ekoloji amillər həşəratların, xüsusilə də ağcaqanadların sayının çoxalmasına səbəb olur. Bu isə həm uşaqlar, həm də böyüklər üçün sancılma riskini artırır.

Adil Qeybulla: Bəzən azyaşlılarda allergiya özünü daha çox büruzə verir, şişmələr ortaya çıxır
Mövcud problemlə bağlı Bakıvaxtı.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, son aylarda yağıntıların artması bəzi yerlərdə su gölməçələrinin uzun müddət qalması ağcaqanadların və digər həşəratların çoxalmasına şərait yaradıb.
Həkim bildirib ki, ağcaqanaq dişləməsi ilə ciddi problemlər yaranmasa da, bəzi adamlarda nisbətən ağır hallar müşahidə oluna bilər:
“Adətən, ağcaqanad və başqa həşəratların insanları sancması ilə qızartı, qaşınma, allergik reaksiyalar və s. meydana gəlir. Bəzən azyaşlılarda allergiya özünü daha çox büruzə verir, şişmələr ortaya çıxır. Amma müvafiq profilaktik tədbirlər görməklə bunların qarşını almaq mümkündür. Diqqət yetirilməsi vacib məqam odur ki, ağcaqanadlar bəzən hansısa yoluxucu xəstəliklərin daşıyıcısı da ola bilirlər. O səbəbdən uşaqlarda ciddi dəyişiklik müşahidə etdikdə həkimə müraciət etmək vacibdir”.

Cəmşid Bəxtiyar: Nəm qalmış, su toplanmış yerlərdə həşaratların çoxalmasına şərait yaranır
Ekoloq Cəmşid Bəxtiyar da Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, yay aylarında Bakı və Abşeron ərazisində müəyyən qansorucu həşəratların, ağcaqanadların, xırda milçəklərin çoxalması iqlim dəyişikliyinin təsiri ilə yaranmış haldır.
Onun sözlərinə görə, isti havaların daha erkən başlaması, gecələrin isti keçməsi və xüsusən yağıntılardan sonra yaranmış durğun sular ağcaqanadların sürətlə artmasına şərait yaradır:
“Bununla həşaratların aktivlik dövrü uzanır. Hətta başqa növ həşaratların da yayılması müşahidə olunur. Yaxşı olar ki, şəhər üzrə müntəzəm dezinfeksiya proqramları təşkil olunsun. Su hövzələrinin də nəzarətdə saxlanılması vacibdir. Nəm qalmış, su toplanmış yerlərdə bu cür həşaratların çoxalmasına şərait yaranır”.
Aydın Baxış
Bakı 



