• Bakı 30° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?

CƏMİYYƏT

12 Avqust 2026 | 12:19

Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?

"Azərbaycan Prezidentinin Naxçıvanda qeyd etdiyi vacib istiqamətlərdən biri də Naxçıvan, Şərqi Zəngəzur, Qarabağın vahid konsepsiya əsasında inkişaf etməsi ilə bağlı idi. Vahid konsepsiya yalnız yaşıl zonanın yaradılmasını deyil, eləcə də iqtisadi inkişafın vahid strategiya üzrə dəstəklənməsini özündə ehtiva edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığı stimullaşdırmaq üçün 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilən güzəştlər artıq bu ildən Naxçıvanda da tətbiq olunur. Bu güzəştlər sahəsində də vahid yanaşma deməkdir:

"Belə ki, Naxçıvanda fəaliyyət göstərən və istehsal ilə məşğul olan sahibkarlar növbəti 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azad edilib, həmçinin müvafiq texnika, xammal və avadanlıqların idxalında ƏDV güzəştləri tətbiq olunur".

Əsas vergi güzəştlərinə gəldikdə isə, deputat qeyd edib ki, Naxçıvanda vergi uçotunda olan və istehsal ilə məşğul olan rezidentlər 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergi ödəməyəcəklər. Vergi azadolmaları rezidentlərin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə etdikləri satışdankənar gəlirlərinə də şamil edilir. Naxçıvanda fəaliyyət göstərən hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də 10 il müddətində vergidən azaddır. ƏDV qeydiyyatında olan rezidentlər tərəfindən təsdiqedici sənəd əsasında siyahıya uyğun texnika, texnoloji avadanlıq, qurğu, habelə xammal və materialların idxalı da ƏDV-dən azaddır.

"Bu güzəştlər Naxçıvanda sahibkarlığın inkişafına xüsusi dəstəkdir və muxtar respublikanın maliyyə imkanlarının genişlənməsinə, daxili mənbələrdən büdcə daxiolmalarının artmasına şərait yaradacaq", - deyə Vüqar Bayramov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026