"Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın mülkiyyət hüquqlarının qorunması, daşınmaz əmlakın elektron reyestrinin yaradılması, qiymətləndirmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və şəffaflığın artırılması istiqamətində mühüm qərarlar qəbul olunur.
İkinci oxunuşda müzakirəyə təqdim olunan qanun layihəsi dövlət mülkiyyətində olan əmlakın (o cümlədən, dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsaslarını yaradır. Həm Torpaq Məcəlləsinə təklif olunan 90-cı maddənin 1.1-ci hissəsi, həm də Mülki Məcəlləyə irəli sürülən 155.5-ci əlavəyə görə dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanları yaranır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Zahid Oruc danışıb. O bildirib ki, Torpaq Məcəlləsinə təklif olunan qanun layihəsi sosial ədaləti və iqtisadi səmərəliliyi təmin edəcək:
"Müzakirə etdiyimiz layihənin aktuallığını təsdiqləyən ən mühüm göstərici ƏMDX-nin rəsmi statistikasıdır. Quruma 2025-ci il ərzində 10877.62 ha torpaq sahəsinin kateqoriyasının və məqsədli istifadə təyinatının dəyişdirilməsi ilə bağlı 734 müraciət daxil olub. Yalnız 11 müraciət üzrə 225.60 ha torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilib.
Dövlət torpaqları ilə xüsusi mülkiyyətdə olan torpaq və əmlakın qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi sosial ədaləti və iqtisadi səmərəliliyi təmin edəcəkdir. Nəticədə, daşınmaz əmlak bazarında likvidlik artacaq, bank sektorunun girov bazası genişlənəcək, sahibkarların investisiya imkanları artacaq, vergi bazası genişlənəcək, nəhayət, məhkəmələr böyük yükdən azad olur.
Bir aksioma var-güclü dövlət, ilk növbədə, vətəndaşların hüququnu iqtisadi dəyərə çevirə biləndir. İnsanlar illərlə zəhmət çəkərək ev tikirsə, istehsal sahəsi yaradırsa, vergi ödəyirsə, yeni iş yerləri yaradırsa, lakin həmin əmlakı hüquqi baxımdan rəsmiləşdirə bilmirsə, təkcə fərd və ya ailə ziyan çəkmir, iqtisadiyyat da itirir.
Tanınmış iqtisadçı Hernando de Soto deyir ki, kapitalın ən böyük düşməni hüquqi qeyri-müəyyənlikdir. Əgər on minlərlə insanın malik olduğu torpaq və əmlak hüquqi cəhətdən tanınmırsa, "ölü kapitala" çevrilir. O, nə bank üçün girov olur, nə investisiya cəlb edir, nə də iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilir.
2023-cü ildə imzalanan "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman cəmiyyətdə təsadüfən "əmlak amnistiyası" kimi qiymətləndirilmədi. Onun əsas məqsədi təhlükəsizlik tələblərinə cavab verən, lakin tam rəsmiləşməmiş obyektlərin iqtisadi dövriyyəyə qaytarılması, sahibkarların və vətəndaşların əmlak hüquqlarının tanınması idi.
Lakin ƏMDX-nin məlumatı göstərir ki, 2025-ci ilin oktyabr ayınadək cəmi 18 523 müraciət daxil olub, 4 956 obyektin istismarına icazə verilib, 3 931 obyekt dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla təmin edilib. Rəqəmlər nəzərdə tutulan 43 min qeyri-yaşayış obyektinin hələ də yarısının rəsmi orqanlara müraciət etmədiyini, yalnız 10 faizinin hüquqi aktlarla təmin olunduğunu göstərir. Fərmanın öz məqsədinə çatması üçün yerdə qalan 90 faiz əmlak da rəsmiləşdirilməlidir.
2023-cü il prezident fərmanının icrası ilə bağlı aparılan təhlillər göstərir ki, dövlət mülkiyyətində olan torpaq sahələrində yerləşən qeyri-yaşayış obyektlərinin 41,5 faizi yerli icra hakimiyyəti başçılarının sərəncamları, 40,9 faizi isə icarə müqavilələri əsasında formalaşıb. Bələdiyyə torpaqlarında yerləşən obyektlərin 58,7 faizində əsas hüquqi sənəd bələdiyyə qərarı olub. Xüsusi mülkiyyətdə olan torpaqlarda isə obyektlərin 82,6 faizinin çıxarışı mövcuddur. Nəticələr göstərir ki, hüquqi qeyri-müəyyənlik əsasən dövlət və bələdiyyə torpaqları üzərində formalaşan münasibətlərdə cəmləşib".
Parlament üzvü əlavə edib ki, torpaq münasibətlərinin tam inventarlaşdırılması vətəndaşların mülkiyyət hüquqlarının daha da sadələşdirilmiş mexanizmlərlə təmin olunmasına imkan yaradır:
"Eyni araşdırmaya görə, torpaq hüquqlarını rəsmiləşdirə bilməyən respondentlərin 52,1 faizi bunun səbəbini bürokratik maneələrlə izah edir.
Sorğu iştirakçılarının 12.6%-nin torpaq sahəsinə dair heç bir sənədin mövcud olmadığını bəyan etməsi qeyri-formal tikinti fəaliyyətinin yüksək olduğunu göstərir. Ödəniş haqları ilə bağlı vətəndaşların narazılıqlarını diqqətə alaraq, mənfi nəticələnən müraciətlər üzrə rüsumların tam və ya qismən geri qaytarılması mexanizmləri nəzərdən keçirilə bilər.
2025-ci ilin iyulun 16-da müvafiq prezident fərmanı ilə 105 minə qədər vətəndaş mülkiyyətinin qanuni sənədlərini almaq imkanı qazandı. Əlbəttə, əhali arasında torpaq və əmlak amnistisiyası adını alan qərarlar alqışa layiqdir. Lakin hələ də on minlərlə qeydiyyatsız əmlaklar varsa, ölkə iqtisadiyyatında 'ölü kapitalın' ümumi həcmi müəyyənləşməyib. Ona görə də bütün iqtisadi aktivləri dövriyyəyə mütləq qaytarmaq gərəkdir. Çünki cəmi 4 minə qədər rəsmiləşən qeyri-yaşayış obyektləri 500 milyon manatdan çox iqtisadi dəyər yaradıb.
Növbəti mərhələdə, torpaq münasibətlərinin tam inventarlaşdırılması vətəndaşların mülkiyyət hüquqlarının daha da sadələşdirilmiş mexanizmlərlə təmin olunmasına imkan yaradar.
Yekunda, hazırki layihəni torpaq və əmlak amnistisiyası kursunun davamı kimi qəbul edərək, dövlətimizlə vətəndaşlar arasında ictimai etimadı möhkəmləndirdiyi və xalqımızın istəklərindən irəli gəldiyi üçün ona müsbət səs vercəyik".
Bakı 



