• Bakı 30° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Sabir Rüstəmxanlıdan Şah İsmayıl Xətai mübahisələrinə SƏRT REAKSİYA

CƏMİYYƏT

12 Avqust 2026 | 12:57

Sabir Rüstəmxanlıdan Şah İsmayıl Xətai mübahisələrinə SƏRT REAKSİYA

Xalq şairi Sabir Rüstəmxanlı son günlər sosial mediada Şah İsmayıl Xətai, Səfəvilər dövləti və milli tarix ətrafında yenidən qızışan mübahisələrə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, mövzu ilə bağlı geniş status paylaşaraq bu müzakirələrin normal dialoq mədəniyyətindən uzaq olduğunu, təhqir və böhtanlarla müşayiət olunduğunu vurğulayıb.

S.Rüstəmxanlı tarixin dəyişdirilməz bir kitab olduğunu bildirərək qeyd edib:

"Bəzi yoldaşlarım Tariximiz, Səfəvi dövləti və Şah İsmayıl Xətai şəxsiyyəti ətrafında yenidən qızışan mübahisələrə niyə münasibət bildirmədiyimlə maraqlanırlar. Birincisi, bu mübahisələr hörmətsizlik, milli əxlaqımıza yaraşmayan təhqir və böhtanlarla doludur. Belə şəraitdə nə danışasan? İkincisi, 'Milli taleyimiz və biz' (2018) və 'Vətəndaşlığın əlifbası' (2022) adlı kitablarımda, publisistik yazılarımda bu məsələlərə dəfələrlə münasibət bildirmişəm. Tarix bitmiş bir kitabdır, onu dəfələrlə oxumaq olar, amma bir sözünü də dəyişdirmək mümkün deyildir. Onu inkar edib gələcəyi qurmaq olmaz. Bununla uğraşmaqdansa, tarixi dərindən öyrənib onun səhvlərini təkrar etməyək".

Xalq şairi Şah İsmayılı və Səfəvi dövlətini Azərbaycandan qoparıb İrana bağışlamaq istəyənlərin, Səfəvilərin türk kimliyini inkar edənlərin böyük yanlışlığa yol verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə,  İran deyilən ərazi Səlcuqlardan başlayaraq min il elə türk yurdu olub. Rüsrəmxanlı bildirib ki, İran demək - burada qədimdən kök atmış türk uluslarının, o cümlədən Azərbaycan türklərinin vətəni demək idi. İran - Persiya və ya Farsistan deyil. Fars varlığı yalnız qismən saray yazışmalarında və ədəbiyyatda qalırdı. İran o ərazidə yaşayan bütün xalqların vətəni olsa da, daha çox və bütövlükdə türklərə, Türk sülalə dövlətlərinə məxsus idi.

"Avropa tarixçiləri Hind-Avropa təəssübkeşliyi ilə daim Persiya adını irəli çıxarıblar. Lakin qədim İslam mənbələri də təsdiq edir ki, Azərbaycan qədimdən türklərin vətənidir. İran türkləri bu günə qədər fəxrlə 'İranlıyam' deyirlər və haqlıdırlar, çünki İran farslardan çox onlarındır. 'İranlıyam' demək türklüyü inkar və ya fars olmaq anlamına gəlməz", - Sabir Rüstəmxanlı qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026