Çağdaş beynəlxalq münasibətlər sistemində coğrafiya artıq daha üstün – siyasi iradə və iqtisadi maraqlara yenidən yazılan bir xəritə təsəvvürü yaradır. Biz dövlətlərin hansı dəyərlər sisteminə, siyasi modelə və inkişaf trayektoriyasına üstünlük verməsini – yəni, sivilizasion seçimləri də bura əlavə edə bilərik.
Bu anlamda, Azərbaycan ilə Latviya arasında formalaşan münasibətlər ikitərəfli diplomatik əlaqələrdən daha üstün – Xəzərlə Baltik arasında strateji körpünün təcəssümüdür.
Müstəqil Azərbaycan ilə müstəqil Latviya arasında münasibətlərin institusional əsasları XX yüzilin 90-cı illərinin sonlarından etibarən formalaşmağa başlayıb. Lakin bu bağların keyfiyyətcə yeni mərhələyə keçidi, özəlliklə, doqquz il öncə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ilə mümkün olub. Bu sənəd iki ölkə arasında münasibətləri həm siyasi dialoq səviyyəsində, həm də hüquqi və iqtisadi müstəvidə yüksək pilləyə qaldırıb.
Bu mərhələdə diqqət çəkən əsas məqam – qarşılıqlı güvənin tədricən, lakin sistemli şəkildə qurulmasıdır. Baltik ölkəsi kimi Latviya Avropa Birliyi və NATO məkanının üzvü olaraq Qərb siyasi arxitekturunun bir hissəsidir; Azərbaycan isə Güney Qafqazda, Xəzər hövzəsində balanslı və çoxşaxəli xarici siyasət yürüdən aktordur. Bu fərqli geosiyasi platformlar arasında körpü qurmaq asan iş sayılmamalıdır; bəlkə elə məhz bu çətinlik münasibətlərin dəyərini daha da artırır.
2026-cı il aprelin 22-də Bakıda keçirilən görüşlər, Prezident İlham Əliyev və Prezident Edqars Rinkeviçs arasında aparılan müzakirələr göstərdi ki, münasibətlər artıq yeni – praktik işbirliyi mərhələsinə daxil olur.
Azərbaycan Prezidentinin bəyanatında vurğulandığı kimi, tərəflər siyasi məsələlərlə yanaşı iqtisadi, daşımalar, yatırım və humanitar sahələri geniş şəkildə müzakirə edib.
Özəlliklə diqqətçəkən istiqamətlərə baxaq:
-İqtisadi əməkdaşlıq və yatırım mühiti. – Qarşılıqlı yatırımların təşviqi, biznes-forumların keçirilməsi və birgə istehsal imkanlarının araşdırılması artıq konkret planlara çevrilməkdədir. Bu, ticarət dövriyyəsinin indiyədək “mülayim” qalmasının aradan qaldırılmasına yönəlib.
-Daşımalar və logistika. – Birbaşa uçuşların açılması təşəbbüsü turizm ilə birgə, biznes və logistika baxımından yeni dinamika vəd edir. Bu, eyni zamanda Gündoğar–Günbatar daşıma dəhlizlərinin şaxələndirilməsi kontekstində önəmlidir.
-Təhsil və humanitar bağlar. – Latviyada 450-dən artıq azərbaycanlı tələbənin təhsil alması xalqlararası təmasların dərinləşdiyini göstərir. Bu, gələcək siyasi və iqtisadi münasibətlərin “insan kapitalı” bazasını yaradır.
-Regional təhlükəsizlik dialoqu. – Güney Qafqaz və Baltik regionlarının təhlükəsizlik məsələləri üzrə fikir alış-verişi iki ölkənin qlobal gündəmdə də ortaq baxışlara sahib olduğunu göstərir.
Bu günün gerçəkliyi ondan ibarətdir ki, Azərbaycan–Latviya münasibətləri artıq “niyyətlər diplomatiyası” mərhələsini keçərək “praktik layihələr diplomatiyası”na daxil olur.
Dünəni, bu günü vurğuladıq, bəs gələcək?
– Gələcək strateji sinerji və geosiyasi dərinlik tələb edir.
Münasibətlərimizin gələcəyini müəyyən edən əsas faktor – qarşılıqlı tamamlayıcılıqdır. Azərbaycan enerji, logistika və regional sabitlik baxımından strateji mərkəzdir; Latviya isə Avropa Birliyi məkanında tranzit, maliyyə və texnologiya platformudur.
Bax, bu sinerji bir neçə yöndə özünü göstərə bilər:
-Gündoğar–Günbatar dəhlizində işbirliyi. – Azərbaycan Orta Dəhlizin əsas aktorlarından biri kimi Baltik limanları ilə bağlarını genişləndirə bilər;
-Enerji təhlükəsizliyi. – Azərbaycanın enerji resursları Avropa bazarları üçün alternativ qaynaq kimi Latviyanın da maraq dairəsindədir;
-Rəqəmsal iqtisadiyyat və innovasiya. – Latviya bu sahədə qabaqcıl təcrübəyə malikdir və Azərbaycan üçün model rolunu oynaya bilər;
-Siyasi model və dialoq mədəniyyəti. – Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə olunan dinamika, Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq hüquq və siyasi iradənin sintezi olaraq digər regionlar üçün də örnək ola bilər.
Beləliklə, iki coğrafiyadan bir strateji baxışa gəlmiş oluruq.
Bəli, Azərbaycan–Latviya münasibətləri coğrafi uzaqlığa baxmayaraq, strateji yaxınlığın mümkünlüyünü sübut edir. Bu münasibətlər nə təkcə iqtisadi maraqların, nə də diplomatik etikettin məhsuludur – bu, siyasi iradənin, qarşılıqlı sayğının və gələcəyə hesablanmış baxışın nəticəsidir.
Əgər dünən bu əlaqələr hüquqi baza üzərində qurulurdusa, bu gün praktik işbirliyi ilə möhkəmlənir. Sabah isə – böyük ehtimalla – Azərbaycan ilə Latviya arasında münasibətlər Avrasiya məkanında yeni bir inteqrasiya modelinin örnəyinə çevriləcəkdir.
Dövlətimiz zaval görməsin!
Bakıvaxtı.az
Bakı 












