Şəhər – insanın öz zamanını təşkil etmə biçimi, yaddaşını daşlara həkk etmə üsulu, gələcəyə yönəlik mədəni iradəsinin görünən üzüdür. Əslində, insanlıq tarixində şəhərlər sadəcə daşdan, betondan, taxtadan, küçə və meydanlardan ibarət olmayıb. Bax, bu anlamda, Bakıda keçirilən və uğurla başa çatan Ümumdünya Şəhərsalma Forumu (WUF13) irsi, təcrübəni şəkilləndirməklə yanaşı, özünəxas ismarıclar, çağırışlar daşıyırdı. WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi yeni şəhərsalma düşüncəsinin, yeni inkişaf fəlsəfəsinin və yeni geopolitik mədəniyyət modelinin nümayişi idi.
Prezident İlham Əliyev çıxışında bir məqamı xüsusi vurğuladı: 182 ölkədən 45 mindən artıq iştirakçının Bakıda toplaşması artıq Azərbaycanın qlobal etimad məkanına çevrildiyini göstərir. Əlbəttə, bu rəqəmlər statistik göstəricidən daha artıq anlam daşıyır; çünki XXI yüzildə beynəlxalq tədbirlər artıq sadəcə diplomatik protokol hadisəsi sayılmır; onlar həm də dövlətlərin “yumşaq güc” indeksinin, təhlükəsizlik güvəncəsinin, şəhər idarəçiliyi bacarığının və belə deyək, sivilizasion cazibəsinin göstəricisinə çevrilib.
Dünyanın ən böyük gölü olub, adına göldən üstün yaraşdırma ilə dəniz deyilən Xəzərin qıyısındakı ən böyük və yeganə paytaxt şəhəri Bakıdır; Bakı Asiya ilə Avropanın qovşağında və sanki planetin mərkəzi mövqesində yerləşir. Bakı – gündoğarla günbatarın dərdləşdiyi, anlaşdığı və bir-birini tamamladığı şəhərdir; bu şəhər, qədimliklə çağdaşlığın bir-birini danmadığı, əksinə tamamladığı sivilizasiya körpüsü hüququna malikdir. Bəli, doğrudan da, İçərişəhərin qədim divarlarından çıxıb bir küçə keçəndə insan özünü futuristik şəhər mühitində hiss edir. Bunun təsadüf əsəri olmadığı bəllidir. Bu, Azərbaycan dövlət düşüncəsinin şəhərsalmaya yanaşmasının fəlsəfəsi sayıla bilər: söhbət tarixi qorumaqla bugünü dəyərləndirməkdən, gələcəyi qurmaqdan gedir!
Əslində, çağdaş dünyada urbanizasiya böhranı məhz bu harmoniyanın pozulmasından doğmurmu? Bir çox ölkədə şəhərlər böyüdü, lakin ruhsuzlaşdı; texnologiya artdı, amma insanın şəhərlə mənəvi bağı zəiflədi. Dünyanın ən böyük gölünün yorğun
salmadığı bu böyük şəhər isə başqa model təqdim edir: şəhər həm yaşamalıdır, həm də yaşatmalıdır. Şəhər həm sürət olmalıdır, həm də yaddaş…
Prezident İlham Əliyevin Bakı Formula-1 yarışını şəhərsalma modeli ilə müqayisə etməsi də son dərəcə maraqlı və simvolik idi. Sürət və ehtiyatın paralel qorunması… İnkişaf və irsin tarazlığı… Bu, əslində, çağdaş idarəçiliyin də formuludur. Liderlik irəli getməklə birgə keçmişin yaddaşını sındırmadan gələcəyə yol açmaqdır.
Azərbaycanın şəhərsalma siyasətində ən dramatik və tarixi istiqamət isə, heç şübhəsiz, Qarabağ və Zəngəzurun gündoğarıdır. Dövlət başçısının vurğuladığı kimi, Ağdamın “Qafqazın Xirosiması” adlandırılması təsadüfi deyildi. Otuz illik işğal bərəkətli torpaqlarla birgə, şəhər yaddaşını, memarlıq kodlarını, mədəni ritmi də dağıtmağa çalışmışdı; ancaq bugün Azərbaycan həmin ərazilərdə bina-bina, körpü-körpü, yol-yol, bağ-bağ… – yeni həyat modeli qurur.
Burada çox önəmli bir məqam vardır: Qarabağda aparılan quruculuq işi postsovet məkanında görünməmiş miqyaslı “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin gerçəkliyə çevrilməsidir. Tunellər, hava limanları, sənaye zonaları, enerji infrastrukturu və s… – bütün bunlar texniki layihə olmaqdan daha çox, Böyük Qayıdışın memarlıq açıqlaması, anlayışı, çözümü və özüdür.
Əslində, Qarabağda şəhərsalma artıq sırf urbanistika məsələsi olmaqdan çıxıb; bu, milli ləyaqətin bərpası məsələsinə çevrilib. Dağıdılmış şəhəri yenidən qurmaq, tarixi iradənin yenidən ayağa qaldırılmasıdır.
Prezidentin çıxışında diqqət çəkən digər vacib xətt ekologiya və şəhər münasibətləri idi. Bir vaxtlar neft sənayesinin ağır ekoloji yükünü daşıyan Bakı bu gün “Qara şəhər”dən “Ağ şəhər”ə keçidin simvoluna çevrilib. Bunun da sadəcə ad, rəng dəyişikliyi olmadığını, şəhərin yığvalının yenidən yazılması olduğunu bilirik. XXI yüzilin şəhəri yalnız iqtisadi güc üzərində qurula bilməz, bəli. Bəli, şəhər insan nəfəsi, yaşıl məkan, ictimai rahatlıq və ekoloji təhlükəsizlik üzərində yüksəlməlidir.
Son 20 ildə Bakıda yaradılan yüzlərlə park, ictimai məkan, metro xətləri, elektrik avtobusları və mikromobillik sistemləri də bu baxışın praktik ifadəsidir. Çağdaş şəhər avtomobillərə yox, insanlara odaqlanmalıdır.
WUF13-ün Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan artıq regional çərçivələri aşaraq qlobal gündəlik formalaşdıran ölkələr sırasına daxil olub. Sırağagün enerji təhlükəsizliyi, dünən iqlim diplomatiyası, bu gün urban inkişaf fəlsəfəsi və həmişə humanitariya… Bakı artıq siyasi xəritədə də, ideyalar və gələcək təsəvvürlər xəritəsində də önəmli mərkəzə çevrilməkdədir.
Şəhər – dövlətin görünən ruh gücüdür.
Əgər bir ulus öz şəhərlərini qoruyursa, deməli öz yaddaşını qoruyur.
Əgər bir dövlət dağıdılmış şəhərləri yenidən qurursa, deməli gələcəyini inşa edir.
Əgər bir paytaxt dünyanı özündə birləşdirə bilirsə, deməli artıq o şəhər coğrafiyadan çıxıb taleyə çevrilir… – Sizcə, bütün bu proseslərin ən dərin qatında bu həqiqət, doğrular və gerçəklər dayanmırmı?
“Bizim Bakı, bizim Ürək” indi məhz belə bir talenin adıdır.
Dövlətimiz zaval görməsin!
Bakı 












