Dördqat “Formula 1” dünya çempionu Alen Prostun İsveçrədəki evinə silahlı basqın edilib. Hadisə zamanı əfsanəvi pilot baş nahiyəsindən xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, İsveçrə mətbuatının yaydığı məlumata görə, hadisə Nyon şəhərində yerləşən evdə qeydə alınıb.
Maskalı şəxslərin “Professor” ləqəbli keçmiş “Formula 1” pilotunun evinə daxil olaraq ailəni hədələdiyi bildirilir.
Məlumata əsasən, hücum zamanı Alen Prostun oğullarından biri seyfi açmağa məcbur edilib. Oğrular seyfdə saxlanılan bahalı saat kolleksiyasını ələ keçirib.
Hadisə zamanı Alen Prost başından yaralanıb.
İsveçrə polisi hücum edən şəxslərin hadisə yerindən qaçdığını və onların saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin davam etdiyini açıqlayıb. Oğurlanan əşyaların ümumi dəyəri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü Alen Prost “Formula 1” tarixinin ən uğurlu pilotlarından biri hesab olunur. O, xüsusilə 1980-ci illər və 1990-cı illərin əvvəllərində “McLaren”, “Ferrari” və “Williams” komandalarında çıxış edib. Prost əfsanəvi sürücü Ayrton Senna ilə yaşadığı rəqabətlə də yadda qalıb. 1993-cü ildə “Williams” komandası ilə son dünya çempionluğunu qazandıqdan sonra “Formula 1” karyerasını başa vurub.
Bakı 




