Siyasətmi tarix yazır, tarixmi siyasəti tərbiyə edir?.. Yazıya sualla başlasaq da, əslində, bir çox suallar çözüldüyü, cavab bulduğu üçün Bakıdan Əbu-Dabiyə, Əbu-Dabidən dünyaya mübarək yol göründü. Bu yol sülh yoludur, anlaşma yoludur, inkişaf, yenilik yoludur. O yolun təməli 27 sentyabr 2020-ci il tarixli əks-hücumla, 19 sentyabr 2023-cü il tarixli anti-terrorla başlamışdı, indi budur, əksliklərin sülh vəhdəti, antaqonizmin sülh fikrində və gündəliyində sabitləşməsini təsdiqləyən 8 avqust 2025-ci il möhürünün ilk məhsulları artıq göyərir.
Prezident İlham Əliyevin Əbu-Dabidə insanlıq miqyasında dəyərləndirilən Zayed İnsan Qardaşlığı Mükafatı ilə təltifi – ad ilə mahiyyətin üst-üstə düşdüyü nadir mükafatlardan biri oldu.
Bu mükafat fərdi bir təltif olmaqdan irəli – dövlətlərin davranış etikasının, xalqların bir-birinə baxış bucağının qiymətləndirilməsidir. Şeyx Zayed adı – səhradan sivilizasiya çıxaran bir iradənin simvolu – bu gün insan qardaşlığını ideyanın praktikaya təntənəli keçidi kimi tanıdır. Məhz bu səbəbdən, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi indi iqtisadi və diplomatik mərkəz olmaqla yanaşı, həm də mənəvi dialoq meydanıdır.
Azərbaycanın bu dialoqda yeri təsadüfi sayılmamalıdır. Məruz qaldığı otuz illik amansız müharibədən ləyaqətlə çıxmış, ağrını dərindən tanımış, amma haqlı Zəfərin nəticələrini sülhə yönəltmiş bir ölkənin təcrübəsi diqqətlə dinlənir. Prezidentin çıxışında səslənən fikirlərin – dinlərarası anlaşma, sivilizasiyaların yaxınlaşması, regional barış – bax, bütün bu kateqoriyaların abstrakt çağırışlar olmadığı bəllidir; bunlar hamısı yaşanmış tarixin süzgəcindən keçmiş qənaətlərdir. O cümlədən 6 ayın sülh ayları kimi təsviri, “Biz sülh şəraitində yaşamağı öyrənirik” etirafı, siyasətin, diplomatiyanın nadir səmimiyyət anlarındandır.
Burada önəmli bir məqam var: sülh bir anlaşma olmaqdan daha üstün hadisədir – düşüncədir, davranışdır, vərdişdir. Əlbəttə, iki cəmiyyətin bir-birinə yenidən baxmağı öyrənməsi zaman tələb edir; amma siyasi iradə olduqda, bu zaman ümidə çevrilir. Əbu-Dabidəki törənin rəmzi gücü də bundadır – keçmiş danışıqların, gələcək razılaşmaların eyni məkanda birləşməsi tarixə mənəvi xəritə çəkir.
Sülh insanlığı yenidən ucaldır; müharibənin isə… insanlığa ağır zərbə olduğu danılmazdır. Müharibədə insanlığa ağır zərbə vuruldu və bu zərbənin müəllifləri, dəyişən iqtidarlara baxmayaraq, dövlətli, cəmiyyətli, beynəlxalq şəbəkəli şəkildə məsuliyyətdən yayınmağa çalışdılar. Sülh isə bizim işimizdir, bütün məhrumiyyətlərə, acı keçmişə baxmayaraq, burada öndə bizik, sülhün gündəliyi bizə məxsusdur, irəliyə ilk baxan da bizik.
Və bu gün Bakıdan Əbu-Dabiyə, Əbu-Dabidən Yer üzünə uzanan yol, coğrafi məsafədən çox, insanlıq məsuliyyətini ölçür…
Bu baxışın rəsmi və ideoloji çərçivəsi isə Azərbaycan Prezidentinin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunmasındakı çıxışında açıq şəkildə ifadə olundu:
“Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.
…Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir”.
Bəli, Prezident Əliyevin mükafatı Azərbaycanın həm siyasi, həm də mənəvi mövqeyinin növbəti beynəlxalq tanınmasıdır. Burada dünya üçün apaydın ismarıc vardır: uzunmüddətli nifrət tarixləri belə, doğru anda insan qardaşlığına təslim ola bilər. Yetər ki, liderlər cəsarətli olsun, xalqlar isə bu cəsarətin arxasında dayansın.
Necə bilirsiz, bəzən bir mükafat, onlarla açıqlamadan daha artıq söz, ismarıc, vəd, məsuliyyət ifadə etmirmi?
Əbu-Dabidə deyilən sözün, bu dəfə, çox uzaqlara – insanlığın vicdanına çatdığına inanırıq.
Dövlətimiz zaval görməsin!
Bakıvaxtıa.az
Bakı 












