• Bakı 17° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan beş il ötür

HADİSƏ

17 Oktyabr 2025 | 00:23

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan beş il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından beş il ötür.

Bakıvaxtı.az xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 27 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Gəncə

 


SON XƏBƏRLƏR

16 Oktyabr 2025