Bakı Təşəbbüs Qrupu Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilmiş siyasətlə bağlı bəyanat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, bəyanatda qeyd olunur ki, bu siyasət yalnız etnik ayrı-seçkiliklə məhdudlaşmayıb, eyni zamanda sistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqi ayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə yönəlmiş yanaşmanın tərkib hissəsi olub. Bildirilir ki, azərbaycanlıların yeganə “günahı” onların milli mənsubiyyəti olub və onlar müxtəlif dövrlərdə kütləvi qırğınlara, etnik təmizləməyə, eləcə də siyasi, iqtisadi və sosial hüquqlarının kobud şəkildə pozulmasına məruz qalıblar.
Sənəddə vurğulanır ki, Ermənistan SSR dövründə həyata keçirilən siyasət nəticəsində azərbaycanlılar mərhələli şəkildə öz tarixi yaşayış məkanlarından sıxışdırılıb, onların mədəni-dini irsi məqsədyönlü şəkildə silinib. Xüsusilə 1948–1953-cü illərdə baş vermiş kütləvi deportasiyalar zamanı 150 mindən çox azərbaycanlının doğma yurdlarından didərgin salındığı qeyd edilir.
Bəyanatda həmçinin azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin dağıdıldığı, toponimlərin dəyişdirildiyi və bu prosesin yalnız fiziki deyil, həm də tarixi yaddaşın silinməsinə yönəldiyi bildirilir.
Qeyd olunur ki, 1987-ci ilin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirməsi fonunda 250 mindən çox azərbaycanlı zorla öz yurdlarından çıxarılıb, bununla da Ermənistan ərazisində etnik təmizləmə siyasəti başa çatdırılıb.
Sənəddə bu siyasətin yalnız azərbaycanlılara deyil, digər etnik və dini azlıqlara da təsir göstərdiyi, nəticədə ölkənin monoetnik dövlətə çevrildiyi vurğulanır. Eyni zamanda Ermənistanın Azərbaycanın suveren ərazilərinin bir hissəsini işğal etdiyi də qeyd edilir.
Bakı Təşəbbüs Qrupu hazırda regionda sülh gündəliyinin müzakirə olunduğu bir dövrdə Ermənistan cəmiyyətində azərbaycanlılara və türklərə qarşı nifrət ritorikasının, revanşist çağırışların və irqçi yanaşmaların davam etməsinin narahatlıq doğurduğunu bildirir.
Bəyanatın sonunda beynəlxalq ictimaiyyətə, insan hüquqları institutlarına və beynəlxalq təşkilatlara çağırış edilərək Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi siyasətə obyektiv hüquqi-siyasi qiymət verilməsi istənilir.
Bakı 




