Şəhər regenerasiyası prosesində əsas məqsəd tarixi məkanların qorunması ilə yanaşı, yerli əhalinin həmin ərazilərdə saxlanmasıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Mərakeş Krallığının Milli Ərazi, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirinin mənzil məsələləri üzrə dövlət katibi Adib Benbrahim WUF13 çərçivəsində keçirilən “Mədəni irsə yeni baxış və inklüziv şəhər yenilənməsi” adlı xüsusi sessiyada səsləndirib.
O bildirib ki, şəhər yenilənməsi xüsusi hüquqi planlar əsasında həyata keçirilməlidir. Bu planlar gentrifikasiyanın qarşısını almağa imkan verir, hüquqi qüvvəyə malikdir və şəhərsalma çərçivəsində tətbiq olunur. Tarixi irsin qorunması isə xüsusi qanunvericiliklə tənzimlənir və toxunulmazlıq prinsipinə əsaslanır.
Adib Benbrahim vurğulayıb ki, planlaşdırma prosesi mədəni irsin qorunmasını nəzərə alır və bu sahədə qərarlar yerli səviyyədə, geniş iştirakçılıqla hazırlanır:
“Proses yerli komissiyalar tərəfindən idarə olunur, burada dövlət qurumları ilə yanaşı vətəndaşlar da iştirak edir. Məqsəd yalnız texniki deyil, həm də sosial nəticələrin əldə edilməsidir. Əsas hədəf əhalinin öz yaşayış yerlərində saxlanılması və sosial təsirlərin düzgün qiymətləndirilməsidir. Mərakeşdə bu istiqamətdə Əgadir və Marakeşdə böyük şəhər yenilənməsi layihələri icra olunur, tarixi su sistemləri belə bərpa edilir”.
Nazir müavini həmçinin bildirib ki, şəhər yenilənməsi prosesində xüsusi dövlət agentlikləri mühüm rol oynayır. Onun sözlərinə görə, Mərakeşdə yaradılmış agentlik bələdiyyələrlə birgə çalışır və artıq 32 medinadan 28-də bərpa və reabilitasiya işləri aparılıb. Gentrifikasiyanın qarşısını almaq üçün iqtisadi mexanizmlər tətbiq olunur, satış və spekulyasiyaya məhdudiyyətlər qoyulur, kirayə qiymətlərinin tənzimlənməsi istiqamətində iş aparılır.
O qeyd edib ki, qısamüddətli kirayələrin məhdudlaşdırılması da mühüm addımdır:
“Turistik məqsədli qısamüddətli kirayələr tarixi şəhərlərin sosial strukturuna təsir göstərdiyi üçün nəzarət edilməlidir. Məqsəd tarixi şəhərlərdə həm mədəni irsi, həm də sosial həyatı qorumaqdır”.
Zeynəb Rzayeva
Bakı 




