• Bakı 10° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Əsədsiz bir il: İranın regional strategiyasının çöküşü

DÜNYA

11 Dekabr 2025 | 09:37

Əsədsiz bir il: İranın regional strategiyasının çöküşü

8 dekabr 2024 səhəri Şamda baş verənlər bir rejimin dəyişməsi yox, İranın dörd onillik boyunca qurduğu regional strategiyanın çökməsi idi.

Bəşər Əsəd rejimim devrilməsi təkbaşına Suriya daxilində bir siyasi proses kimi görünə bilər, amma əslində bu hadisə Yaxın Şərqdə güc balansını sarsıdan yeni dövrün başlanğıcı oldu və ən böyük zərbə məhz Tehrana dəydi.

İran üçün Suriya nə demək idi?

2011-ci ildə Suriyada xalq hərəkatı başladığı andan İran Əsəd rejiminin ayaqda qalmasını öz milli təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qəbul etdi. Tehran üçün Suriya coğrafiyası sadəcə müttəfiq ölkə deyildi, İsrailə qarşı irəli müdafiə xəttinin ən vacib hissəsi idi. İllər boyunca İran bu ölkədə hərbi bazalar qurdu, milis qruplarını yerləşdirdi, Hizbullaha silah ötürülməsi üçün koridor formalaşdırdı, təhlükəsizlik strukturlarında dərin nüfuz qazandı. Şam-Beyrut xətti İranın bölgədəki strateji dərinliyinin dayaq nöqtəsinə çevrildi. Bu səbəbdən Suriya rejiminin çökməsi İranın həm hərbi, həm siyasi, həm də ideoloji dayaq nöqtəsini itirməsi demək oldu.

İllərdir Suriyada böyük resurs sərf edən İran son məqamda bu rejimi niyə xilas edə bilmədi? Bunun bir neçə səbəbi var. Son illər Tehranın Suriyadakı əməliyyat gücü əhəmiyyətli dərəcədə zəifləyirdi. İsrailin 2023-2024-cü illər boyu davam edən dəqiq hava zərbələri İran komandanlarını, silah anbarlarını və hərbi logistika xətlərini sıradan çıxarmışdı. Tehran həm maddi, həm də canlı qüvvə baxımından ciddi itkilər verir, buna görə də sahədəki varlığını azaltmaq məcburiyyətində qalırdı. Digər tərəfdən, “dirəniş oxu”nun özündə də parçalanma baş verdi. “Hizbullah” İsrail qarşısında ağır itkilər verdikdən sonra Suriya üçün əlavə risk almaq istəmədi, iraqlı milislər isə ABŞ və İsrailin zərbələrindən çəkinərək Suriya cəbhəsinə dönməyə həvəs göstərmədilər. Bu şəbəkə kağız üzərində mövcud olsa da, faktiki olaraq koordinasiya zəifləmişdi. Rusiyanın Ukrayna müharibəsinə fokuslanması, Suriya dosyasını ikinci plana keçirməsi də prosesin taleyini müəyyənləşdirən amillərdən biri oldu. Nəticədə Əsəd rejiminin üç əsas dayağı İran, Hizbullah və Rusiya əvvəlki kimi onu müdafiə edəcək gücdən məhrum qaldı.

Əsədsonrası İran

Rejimin devrilməsi Tehranın regional təsirini həm hərbi, həm siyasi, həm də ideoloji baxımdan ciddi şəkildə sarsıtdı. İran üçün həyati əhəmiyyət daşıyan quru koridoru İran-İraq-Suriya-Livan xətti praktik olaraq dağıldı və “Hizbullah”a uzanan ən vacib təchizat yolu iflic oldu. Suriya həm də İranın Çinlə nəzərdə tutduğu ticarət və logistika layihələrində əsas rol oynayırdı. Yeni hakimiyyətin Ankara, Doha və Riyadla yaxın işləməsi bu imkanları artıq əlçatmaz edir. Paralel şəkildə Türkiyənin həm Suriyada, həm İraqda, həm də Cənubi Qafqazda güclənməsi İranın regional manevr sahəsini daraldır. Xüsusilə Zəngəzur koridoru reallaşarsa, İran həm tranzit üstünlüyünü itirəcək, həm də iqtisadi və geosiyasi baxımdan daha təcrid olunmuş aktora çevriləcək.

Bu dəyişiklik İran üçün yalnız siyasi və hərbi deyil, ideoloji zərbədir. Tehran on illərdir “Şam düşərsə, dirəniş zəifləyər” narrativi ilə həm daxildə legitimlik qurur, həm də regional müdaxilələrini əsaslandırırdı. İndi isə bu narrativin özü çökmüş vəziyyətdədir. Suriyada yeni formalaşan siyasi sistem İran təsirindən uzaqdır və bu, Tehranın Yaxın Şərqdə yaratdığı ideoloji hekayənin məhv olması deməkdir.

Nəticədə Əsəd rejiminin süqutu İranın Yaxın Şərqdə bir vaxtlar sahib olduğu mərkəzi güc statusunun sürətlə aşınmasına səbəb olub. Tehran nə əvvəlki dərinliyi bərpa edəcək resurslara sahibdir, nə də radikal geri çəkilmə edə biləcək təhlükəsizlik şəraitinə malikdir. Bu mərhələ İran üçün daha uzunmüddətli geosiyasi transformasiyanın ara dayanacağıdır və prosesin yekun konturları artıq yalnız Tehranın qərarı ilə deyil, Ankara, Riyad, Vaşinqton və Moskvanın müəyyənləşdirdiyi yeni regional balansla formalaşacaq.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

10 Dekabr 2025