İnyeksiya və infuziyaların yalnız tibb müəssisələrində, stasionar şəraitdə aparılması qanunvericiliklə birmənalı şəkildə tənzimlənməlidir.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, xüsusilə antibiotiklərin və digər güclü preparatların ev şəraitində tətbiqi qadağan olunmalıdır.
Bəs, bu istiqamətdə qanunvericiliyə əlavələr edilməsi və sərtləşdirilmənin olması gözlənilirmi?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, tibbi prosedurların icrası Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir.
Deputat qeyd edib ki, Səhiyyə Nazirliyinin protokollarında, müvafiq təlimatlarda və tibb məsələlərinin daxili qaydalarında bu məsələlər əks olunub. Burada tibb işçilərinin etik davranış kodeksi, həkimlərin peşə vəzifələri, eləcə də tibbi prosedurların icrası ilə bağlı qaydalar tam şəkildə təsbit olunub.
Müşfiq Məmmədli: Heç bir boşluq yoxdur ki, qanunvericiliyə hansısa maddələr daxil edilsin
M.Məmmədlinin sözlərinə görə, Səhiyyə Nazirliyinin göstərişlərində, istər dövlət, istərsə də özəl səhiyyə müəssisələrinin fəaliyyətində tətbiq olunan tibbi yanaşmalar, Azərbaycan qanunvericiliyinə, həmçinin “Əhalinin sağlamlığı haqqında” və “İcbari tibbi sığorta haqqında” qanunlara tam uyğundur:
“Müvafiq məsələlər dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının sərəncam və qərarları ilə də tənzimlənir. Burada heç bir boşluq yoxdur ki, qanunvericiliyə hansısa maddələr daxil edilsin”.
Düputat hazırda Azərbaycan səhiyyəsinin dövlət, özəl və bələdiyyə olaraq üç qrupa bölündüyünü nəzərə çatdırıb. Dediyinə görə, dövlət səhiyyəsi dövlətə tabe olan strukturları əhatə edir və burada prosedurlar qanunvericiliyə uyğun həyata keçirilir. Özəl səhiyyə müəssisələri isə müvafiq lisenziyalar əsasında fəaliyyət göstərir. Bələdiyyə səviyyəsində isə praktik tibbi fəaliyyət demək olar ki yoxdur:
“Dövlət qurumlarına tabe olan işçilər fəaliyyətlərini öz qurumlarının təlimatlarına uyğun həyata keçirirlər. Bu təlimatlar poliklinik və stasionar prosedurları, o cümlədən əzələ daxilində və damar daxili maddələrin xüsusilə damcı üsulu ilə yeridilməsi kimi tibbi prosedurları əhatə edir. Qanunvericilik və təlimatlarda bu prosedurların hansı hallarda icazəli olduğu və hansı hallarda qadağan edildiyi tam aydın şəkildə göstərilib”.
Müsahibimiz əlavə edib ki, əgər tibb işçisi səlahiyyətini aşaraq proseduru səhv icra edirsə və ya vicdansız davranırsa, bu, artıq hüquq-mühafizə orqanlarının araşdıracağı məsələyə çevrilir.
“Azərbaycan qanunvericiliyi bu istiqamətdə kifayət qədər mükəmməldir və əlavə qeyri-adi dəyişikliklərə ehtiyac yoxdur. Mövcud qanunvericilik həm inzibati, həm də tibbi baxımdan tibbi prosedurların düzgün və təhlükəsiz həyata keçirilməsini tənzimləyir”.
Mina Mikayılova