• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Fars-molla rejiminin mahiyyəti: Ermənistan konsulluq üçün niyə Təbrizi seçdi?

SİYASƏT

29 Aprel 2024 | 15:00

Fars-molla rejiminin mahiyyəti: Ermənistan konsulluq üçün niyə Təbrizi seçdi?

Ermənistan hökuməti İranın Təbriz şəhərində Baş konsulluq açmaq haqqında qərar qəbul edib. Bu barədə qərar Ermənistan hökumətinin aprelin 25-də keçirilən iclasında qəbul olunub.

Konsulluğun xərclərinin smetası da təsdiqlənib. Məlumata görə, iclasda baş konsulun aylıq əməkhaqqının 2 565 dollar, yaxud Ermənistanın Tehrandakı səfirinin maaşının 5/6 nisbətində olması təsdiqlənib.

İranda erməni konsulluğunun açıqlaması rəsmi Tehran-Bakı münasibətlərinə necə təsir edəcək?

Politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın İranda, İranın da Ermənistanda konsulluq açması ilə bağlı qərar hələ 2021-ci ildə qəbul olunub.

Onun sözlərinə görə, 2022-ci ilin oktyabrında Ermənistanın Qafan şəhərində İran konsulluğu fəaliyyətə başlayıb. O zaman da İranın konsulluq üçün üstünlük verdiyi Qafan şəhərinin düz Azərbaycan sərhədində yerləşməsi haqlı suallar doğurmuşdu:

"İndi də Ermənistanın konsulluq üçün məhz Təbrizi seşməsi və ya İran hakimiyyəti tərəfindən məhz elə Təbrizin uyğun görülməsi ortaya bir sıra suallar çıxarır. Axı əhalisinin təxminən 95 faizini Azərbaycan türkləri təşkil edən Təbriz şəhərində baş konsulluq binasının açılması Ermənistanın nəyinə lazımdır?! Ona görə də qarşılıqlı konsulluq fəaliyyəti kimi Qafan və Təbriz şəhərlərinin seçilməsini ümumilikdə türk dünyasına bir mesaj olaraq qəbul edirəm".

Y.Bağırzadə hesab edir ki, qədim Azərbaycan yurdu olan Təbriz şəhərində Ermənistana baş konsulluğun ayrılması əlavə gərginliyin yaranmasına xidmət edəcək. Azərbaycan Respublikasının belə bir vəzifə ilə bağlı, yəni Təbrizdə konsulluq açılması ilə bağlı oxşar tələbi uzun illər ərzində İran hakimiyyəti tərəfindən əngəllənirdi. İndi isə faktiki olaraq Təbrizdə Azərbaycan və Türkiyədən sonra üçüncü bir ölkənin, nə Təbrizə, nə orada yaşayan insanlara heç bir aiddiyyatı olmayan Ermənistanın konsulluğu açılır.

"İran bu addımıyla faktiki olaraq bütün imkanları ilə Erənistanın yanında yer aldığını açıq şəkildə nümayiş etdirir. Zəngəzur dəhlizini özü üçün potensial təhlükə olaraq görən İran, bir tərəfdən də Rusiyadan boşalacaq yerə iddiasını ortaya qoyur. İranın indiki halda bütün çabası Türk Dünyasının birliyinə qarşı həmlələri genişləndirməkdən və eləcə də Ermənistan-Rusiya münasibətlərindəki gərginlikdən istifadə edərək Ermənistanın enerji bazarında daha böyük paya sahib olmaqdan ibarətdir" - deyə politoloq qeyd edib.

Yusif Bağırzadə: Tehran və İrəvan cənublu-şimallı azərbaycanlıların heysiyyatı ilə oynayır

Təbrizin azərbaycanlılar üçün çox yüksək dəyərləri özündə birləşdirən bir mərkəz olduğunu vurğulayan Y.Bağırzadənin sözlərinə görə, hüquqi cəhətdən hansı şəhərdə hansı ölkənin konsulluğunun açılması İranın öz bildiyi işdir. Lakin İran Azərbaycana “dost və qardaş” deyirsə, onda qərarlarında da diqqətli olmalıdır:

"Həm rəsmi Tehran, həm də rəsmi İrəvan Təbrizdə Ermənistanın konsulluğunu açmaqla faktiki olaraq cənublu-şimallı azərbaycanlıların heysiyyatı ilə oynamaq istəyirlər. Çünki Təbriz təkcə azərbaycanlıların yaşadığı şəhər deyil. Tarixi Azərbaycan dövlətinin paytaxtı olan bir şəhərdə, bütün türk dünyası üçün böyük anlam daşıyan şəhərdə Ermənistan üçün konsulluq açmaq əslində fars-molla rejiminin mahiyyətini ortaya qoyur".

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 May 2024