Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında ölkəmizi təmsil edəcək yeniyetmə qız və oğlan voleybol komandaları ilə görüş keçirib.
Bu barədə Bakıvaxtı.az-a AVF-dən məlumat verilib.
Toplantı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Tədbirdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, oyunların təşkilati məsələlərində iştirak edən federasiya əməkdaşları iştirak ediblər.
Şahin Bağırov hər kəsi salamlayıb, komandalara qarşıdakı yarışlarda uğurlar arzulayıb. O, voleybolçuların keçdiyi təlim-məşq toplanışları və yoldaşlıq oyunları barədə fikirlərini bölüşərək komandaların hazırlıq səviyyəsindən məmnun olduğunu bildirib.
Federasiya prezidenti vurğulayıb ki, MDB Oyunlarında iştirak gənc idmançılar üçün həm də beynəlxalq təcrübə qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Görüşdə AVF rəhbərliyi və rəsmi şəxslər də komandalara ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər yarışda uğurlar arzulayıblar.
Daha sonra komandaların baş məşqçiləri və oyunçuları çıxış edərək hazırlıq prosesi və qarşıya qoyulan hədəflər barədə məlumat veriblər. Baş məşqçilər qeyd ediblər ki, oyunçular yüksək motivasiya ilə çalışır və yaxşı nəticə əldə etmək üçün bütün imkanlarını səfərbər edirlər. İdmançılar isə federasiya rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edərək, III MDB Oyunlarına tam hazır olduqlarını və uğurlu nəticə qazanmaq üçün maksimum səylə çıxış edəcəklərini vurğulayıblar.
Qeyd edək ki, III MDB Oyunlarının voleybol yarışları Gəncə şəhərində keçiriləcək və sentyabrın 29-da start götürəcək.