• Bakı 22° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Finalda tufan: Berkoviç niyə Türkiyə ilə üz-üzə gəlmək arzusundadır?

SİYASƏT

18 Iyun 2025 | 14:22

Finalda tufan: Berkoviç niyə Türkiyə ilə üz-üzə gəlmək arzusundadır?

Son zamanlar israilli jurnalist Eyal Berkoviçin yerli mətbuata verdiyi sərsəm açıqlamalar, xüsusilə “HƏMAS və İranı məğlub etdik, final Türkiyə ilədir” kimi iddiaları regional təhlükəsizlik kontekstində ciddi rezonans doğurub.

Bu cür ritorika populist yanaşmanın məhsulu olmaqla yanaşı, İsrailin daxili siyasi atmosferində müəyyən qrupların eyforiyasını əks etdirir. Lakin real siyasət və təhlükəsizlik doktrinası bu cür emosional çıxışlardan xeyli fərqlənir. Bu tip ifadələr həm daxildə millətçi duyğuları gücləndirməklə siyasi dəstək qazanmaq, həm də xarici siyasətdə təzyiq vasitəsi kimi istifadə olunur. Lakin belə ritorika, xüsusilə regional aktorlar arasında gərginliyi artırmaq potensialına malikdir və diqqətli yanaşma tələb edir. İsrail hakimiyyəti isə indiyə qədər balanslı və ehtiyatlı mövqe sərgiləyərək, təcavüzkar addımlardan çəkinməyə üstünlük verir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, İsraildə müəyyən siyasi qruplar və media qurumları Türkiyəni potensial təhdid kimi təqdim edərək, daha sərt və aqressiv mövqe nümayiş etdirirlər. Bu tendensiya, xüsusilə İsrailin daxili siyasətində millətçi və sağçı əks-səda doğurur, lakin rəsmi dövlət siyasəti ilə həmişə üst-üstə düşmür. Eyal Berkoviç kimi şəxslərin sərsəm və əsassız iddiaları populist ritorikanın tipik nümunəsidir; onlar regional gərginliyi artırmaqla yanaşı, cəmiyyətdə narahatlıq yaratmaq istəyirlər:

"İsrailin təhlükəsizlik doktrinası Türkiyə ilə eskalasiyaya getmək istəmir. Əksinə, rəsmi Tel-Əviv diplomatik danışıqlara üstünlük verir və mümkün qarşıdurmalardan çəkinir. Türkiyə ilə münasibətlərdə gərginlik mövcud olsa da, bu, birbaşa hərbi toqquşmaya çevrilməsi ehtimalı çox aşağı səviyyədədir. İsrail üçün real və daha ciddi təhlükə mənbəyi İran və onun nüvə proqramıdır".

Sultan Zahidov: Hazırkı regional vəziyyətdə Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşmanın ehtimalı çox aşağıdır

Onun sözlərinə görə, İsrailin təhlükəsizlik siyasətində İran ən böyük problemlərdən biridir. İranın regiondakı təsirinin artması, nüvə silahına sahib olma cəhdləri Təl-Əvivdə ciddi narahatlıq yaradır. Diplomatik müstəvidə də İsrail-İran münasibətləri gərgin olaraq qalır və bu, real təhlükə potensialı daşıyır. Buna görə də, İsrail diplomatiyası və hərbi strategiyası əsas diqqətini İrana yönəldib:

"Hazırkı regional vəziyyətdə Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşmanın ehtimalı çox aşağıdır. Bu, həm təhlükəsizlik doktrinasında, həm də diplomatik münasibətlərdə açıq-aydın görünür. Populist ritorika və bəzi mətbuat açıqlamaları əhval-ruhiyyəni qızışdırsa da, rəsmi siyasət eskalasiyadan uzaqdır və qarşılıqlı maraqlar və danışıqlar vasitəsilə həll yolunu axtarır".

Son olaraq politoloq diqqətə çatdırıb ki, İsrailin regional təhlükəsizlik siyasətində populist ritorika ilə rəsmi dövlət mövqeyi arasında ciddi fərqlər mövcuddur. Eyal Berkoviç kimi şəxslərin sərsəm açıqlamaları daha çox daxili siyasi oyunların məhsulu olmaqla yanaşı, reallıqdan uzaqdır. Təl-Əvivin əsas diqqəti İrana yönəlib və Türkiyə ilə eskalasiyaya risk etməkdən uzaqdır. Bu isə, hazırkı regional dinamika baxımından həm İsrailin, həm də Türkiyənin maraqlarına daha uyğun və dayanıqlı sülhə xidmət edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR