Bu gün Füzuli şəhəri günü qeyd olunacaq. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.
84 saylı Füzuli seçki dairəsindən deputat Vüqar Bayramov Bakıvaxtı.az-a bildirib ki, 1827-ci ildə əsası qoyulmuş Füzuli Azərbaycan iqtisadiyyatında və xüsusi ilə kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi paya malik olan rayonlarımızdan olub. 1993-cü il Ermənistan işğalı nəticəsində rayon ərazisinin çox hissəsi tamamilə dağıdılıb və ciddi ziyan dəyib.
Onun sözlərinə görə, Füzuli rayonunun böyük hissəsinin işğal edilməsi nəticəsində 83 min 544 dinc sakin didərgin salındı:
"İşğal nəticəsində Füzuli rayonuna 4 milyard manata yaxın ziyan dəymişdir. Bütövlükdə, dövlət mülkiyyətində olmuş 22 min 635 əmlak tamamilə məhv edilmişdir. 27 illik işğala məruz qalan Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb".
Deputat qeyd edib ki, 2020-ci ilin oktyabrın 17-də işğaldan azad olunan Füzuli şəhəri Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir.
V.Bayramov Füzuli şəhərində artıq 3500-dən çox keçmiş məcburi köçkünün məskunlaşdığını deyib. Onun sözlərinə görə, rayonun digər yaşayış məntəqələrinin bərpası istiqamətində işlər sürətlənib.
"Kifayət qədər böyük iqtisadi potensialı olan Füzuli rayonu Qarabağ iqtisadiyyatının formalaşmasına və re-inteqrasiyasına xüsusi töhvə verəcək. Bu Füzuli üçün yeni bir inkişaf səhifəsinin açılması deməkdir", - deyə Vüqar Bayramov bildirib.
Nərgiz Məmmədli