"Büdcəmizin kifayət qədər böyük hissəsi Şərqi Zəngəzur və Qarabağın bərpasına ayrılır. Gələn il bu məqsədlə 4 milyard manat vəsait ayrılıb".
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Bakıvaxtı.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, bütövlükdə 4 il ərzində 20 milyard manatdan çox vəsait bu istiqamətə xərclənib:
"Əslində bu da sosial müdafiə tədbirləridir və Böyük Qayıdış prosesidir. Qarabağa və Şərqi Zəngəzura gedənlərin sayı 20 mini keçəcək”.
Müsahibimiz qeyd edib ki, 2026-cı ilin sonuna kimi birinci Dövlət Proqramı başa çatmalıdır. O vaxtadək 140 min nəfərin məskunlaşması təmin olunacaq.
Musa Quliyev: Qarabağa və Şərqi Zəngəzura gedənlərin sayı 20 mini keçəcək
“Sevindirici hal ondadır ki, bir tərəfdən Qarabağ və Şərqi Zəngəzura investisiya yatırılır, digər yandan gələn ilin dövlət büdcəsinə Qarabağ və Şərqi Zəngəzurdan daxil olan gəlirlər daha da artacaq. Bu da cənab prezidentin siyasətinin hərtərəfli, şaxəli olmasını və nə qədər şaxalənsə belə bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifah halının dayandığını göstərir", - deyə Musa Quliyev əlavə edib.
Qeyd edək ki, növbəti il və ortamüddətli dövr üçün büdcə siyasəti əsas hədəflər, həmçinin Prezidentin Hökumət qarşısında qoyduğu əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanıb. Baş nazir Əli Əsədov Milli Məclisdə büdcə müzakirəsi zamanı bildirib ki, əsas prioritet vəzifələr sırasında ölkənin hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketinin həyata keçirilməsi, dayanıqlı iqtisadi artımın dəstəklənməsi durur.
Aydın Baxış