"Gigiyenik sertifikat bir brendin bütün məhsullarına deyil, yalnız yoxlanışdan keçmiş konkret məhsula şamil olunur".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, gigiyenik sertifikat konkret məhsulun tərkibi əsasında verilir və eyni brendə məxsus digər məhsulları əhatə etmir.
O.İsmayılov bildirib ki, gigiyenik sertifikat yalnız bir məhsul üçün nəzərdə tutulur. Çünki qiymətləndirmə brendə deyil, məhsulun növünə və tərkibinə əsasən aparılır:
"Məsələn, eyni brendə məxsus şampun və kremin tərkibi fərqli olduğundan onlar ayrı-ayrılıqda yoxlanılır və sertifikatlaşdırılır”
"Məhsulların tərkibindəki kimyəvi maddələr və allergenlər fərqli olduğu üçün onların hər biri müvafiq standartlara uyğun ayrıca qiymətləndirilir və yalnız müsbət nəticə əldə etdikdən sonra gigiyenik sertifikat verilir", - deyə Orxan İsmayılov əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



