Mövsümündən asılı olmayaraq, xanımlara verilə biləcək ən gözəl hədiyyələrdən biri çiçəkdir. Son zamanlar xanımlar güllərin özü ilə yanaşı, verdiyi mənaya da xüsusi önəm verirlər. Bəs, bəylər gül seçimində nələrə diqqət etməlidir?
Flarist Əlizahab Əliyev Bakıvaxtı.az-a bildirib ki, hər gülün öz mənası, anlamı var.
Onun sözlərinə görə, hazırda daha çox hədiyyə üçün böyük kompozisiyalara üstünlük verilir. Qarışıq, məsələn, qızılgül, yasəmən, tülpan və s. alırlar. Adətən rənglərin göz oxşayan olmasına diqqət edilir: "Simvolik olaraq bir qızılgul sevgini təmsil edir. Məsələn, nişan üçün 5, yaxud 7-9 qızılgül alırlar. Say artdıqca görüntü daha da böyük və möhtəşəm olur. 100 qırmızı, bir ağ gül alanlar da var. Bunun anlamı “100 qız içində bir səni seçmişəm” deməkdir. Həmçinin ağ gül saflığı, təmizliyi ifadə edir. Qırmızı gül sevginin rəmzidir. Sarı gül dostluğun təmsilçisidir. Lakin, sevgililər çox zaman bu gülə üstünlük vermir. Deyilənlərə görə, ayrılıq anlamına gətirir”. Çəhrayı güllər isə qızların sevdiyi güllərdəndir. O, qırmızı və ağ gülün qarışımından yaranmış kimi görünür. Məsumluğu, saflığı, uşaqlığı təmsil edir. Adətən balaca qız uşaqlarına alırlar:
“Son günlərin ən çox sevilən güllərindən biri də mavi güllərdir. Mavi güllər tapmaq və təbiətdə görmək çox rahat olmadığına görə, bu gülü birinə verəndə, "sən mənim üçün özəlsən" mənasını ifadə edir”.
Müsahibimizin sözlərinə görə, ümumiyyətlə, hədiyyəlik adətən 51, ya da 101 qızılgül və yaxud sadəcə 1 gül alırlar: “O, baxır insanların büdcəsinə və zövqünə".
Ə.Əliyev onuda qeyd edib ki, say önəmli deyil, insan sevdiyinə bir gül belə alsa, kifayət edər. Təki, ona dəyərli olduğunu hiss etdirsin.
Xəyalə Rza