Deyilənlərə görə, turşu tutmaq ideyası ilk dəfə soyuq ölkələrdə gündəmə gəlib. Bu da həmin bölgələrdə qış fəslində təbii meyvələri əldə etməyin o dövrdə qeyri-mümkün olması ilə əlaqələndirilir. Bildirilir ki, bu səbəbədən də insanlar turşu tutmaqla bu boşluğu doldurmaq istəyiblər. Və həmin ölkələrdə yaşayanlar qablaşdırılmış meyvə-tərəvəzlərlə öz istəklərini reallaşdıra biliblər.
Zaman keçdikcə turşu bağlama ənənəsi digər ölkələrdə, o cümlədən Azərbaycanda da geniş yayılıb.
Artıq yay fəslidir və ailələrimizdə qışa hazırlıq işləri görülür. Təbii ki, bu, özünü daha çox ailələrdə qış azuqəsi hazırlamada - mürəbbələr bişirməkdə, turşular bağlamaqda göstərir. Ancaq bəzən insanların öz əlləriylə hazırladıqları nemətlər elə özlərinə qənim kəsilir.
Statistikada turşudan zəhərlənmələr ön yerlərdə qərarlaşıb. Bəs turşulardan niyə zəhərlənirik?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanın qida mədəniyyətində böyük bir mədəniyyətsizlik evdə turşu hazırlamaqdır. Onun sözlərinə görə, sanki bu, dövlət orqanlarının əlinə bir fürsət verir ki, digər mallardan zəhərllənmə olanda belə, bunu turşuların üstünə yıxsınlar: "Əlbəttə, turşuların əksəriyyəti torpaqla təmasda olan məhsullardan qoyulur. Torpaq bütün sərvətlərin mənbəyi olduğu kimi ən təhlükəli bakteriyaların da mənbəyidir. Ona görə, bu turşuların hazırlanmasından ümumiyyətlə, imtina etmək lazımdır".

Eyyub Hüseynov: Evdə turşu hazırlamaq mədəniyyətinə son qoymaq lazımdır
E.Hüseynov bildirir ki, turşular zərərli qida növüdür. Mümkün qədər elə etmək lazımdır ki, ailələrdə onların istifadəsi minimumuna endirilsin: "Əgər insan dayana bilmirsə, çox yemək istəsə, sənaye üsulu ilə hazırlanan turşularla qidalana bilər. Evdə turşu hazırlamaq mədəniyyətinə birdəfəlik son qoymaq lazımdır. Çünki, birincisi, orada heç bir standartlar gözlənilmir, kim necə istəyir, elə də hazırlayır. İkincisi, onların saxlanma şəraiti təhlükəli ola bilər. Üçüncüsü, torpaqla təmasda olduğu üçün bakteriyalar inkişaf edə bilər”.
Müsahibimiz qeyd edib ki, ildən-ilə bu vəziyyətin düzəldiyini görürük. Belə ki, onun sözlərinə görə, əvvəl bazarlarda böyük plastmas çəlləklərdə turşular satılırdısa, son zamanlar əhali daha çox mağazaladan alınan turşulara üstünlük verirlər: “Bununla belə, bəzən görürsən ki, üzüm yarpaqlarını plastik qaba doldurub, üstünə də kimyəvi maddə töküb satırlar. Bu, qəti işə yaramaz bir məhsuldur. İstifadəsi qadağan edilməlidir. Sağlamlığa ciddi təsiri var. Mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər”.
“Bir sözlə, evdə turşu hazırlamaq mədəniyyətinə son qoymaq lazımdır", - deyə Eyyub Hüseynov vurğulayıb.
Xəyalə Rza
















