Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.
Mətbuata açıqlamasında Fidan iki ölkə arasındakı bağın müharibə və böhran dövrlərində sınandığını, liderlər arasında sarsılmaz dostluq və qardaşlıq olduğunu deyib. O, hazırkı fikir ayrılıqlarının sosial şəbəkələrdə təbliğat alətinə çevrilməsinə ehtiyac olmadığını da bildirib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azər Qasımov bildirib ki, Hakan Fidanın bəyanatı doğru olsa da, bu durumun yaradılmasının səbəbkarı biz deyilik. Onun sözlərinə görə, sosial media üzərindən Türkiyədən Azərbaycana qarşı kampaniya aparan insanların sosial və milli tərkibini nəzərə alaraq söylənilən fikirlərin bizi istəməyən insan və qruplaşmaların olduğu gerçəyini qəbul edərsək, Hakan Fidanın bu fikirləri yerinə düşür:
"Amma AKP rəsmisinin partiya adından yayılan bəyanatı Azərbaycan tərəfini çox üzdü. Hakan Fidan əslində qeyd etdiyi fikirləri öz partiyadaşlarına xitabən söyləsəydi, daha doğru olardı. Azərbaycan həmişə dostluğa və qardaşlığa sadiq ölkə olmaqla yanaşı, heç vaxt bu qardaşlığın sui-istifadə edilməsinə yol verməz".

Politoloq Azər Qasımov
Politoloq vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir və onun özünə xas siyasi və tarixi reallıqları mövcuddur. Türkiyədəkilərin bundan xəbəri olmaya bilər.
"Hesab edirəm ki, türkiyəli qardaşlarımız Azərbaycanın reallıqlarını daha yaxşı yaxından öyrənməyə məcburdurlar. Xüsusən də "Bir millət iki dövlət" prinsipini əldə rəhbər tutaraq, bunu öyrənməlidirlər. Ümid edirik ki, Hakan Fidan Türkiyəyə qayıtdıqdan sonra öz partiyadaşları daxilində bu məsələni bir daha götür-qoy edəcək, rəsmi olmasa belə Azərbaycan rəhbərliyi və xalqından üzr istəyəcəklər", - deyə müsahibimiz qeyd edib.
Gülşən Şərif
















