Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilən “Hüquq və İnkişaf” ictimai təşkilatının rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ə.Həsənov ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə prosesi noyabrın 5-nə təyin edilib.
Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 308.2-ci (ağır nəticələrə səbəb olduqda vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.