• Bakı 26° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Həbs olunan Rəqsanəyə yalnız onlar dəstək oldu  

ŞOU

18 Avqust 2025 | 13:25

Həbs olunan Rəqsanəyə yalnız onlar dəstək oldu  

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova barəsində dələduzluq ittihamı ilə məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, ötən gün yayılan bu xəbər ictimaiyyətdə, sosial şəbəkələrdə ciddi rezonans doğursa da, müğənninin həmkarlarının reaksiyası gözlənildiyi kimi olmayıb.

Belə ki, müğənninin həbsi xəbəri yayıldıqdan sonra artıq bir gün keçməsinə baxmayaraq, şou-biznes nümayəndələrinin əksəriyyəti tam susqunluq nümayiş etdirib. Halbuki Rəqsanə uzun illərdir ki, müğənnilik fəaliyyəti göstərir, onlarla sənətçi ilə dostluq edib. Amma bu dəfə hamı sanki ondan üz döndərib.

Bütün bu səssizlik fonunda yalnız iki tanınmış sima Rəqsanəyə dəstək nümayiş etdirib.

Əməkdar artist Elza Seyidcahan öz İnstagram hesabında Rəqsanənin fotosunu paylaşaraq, ona mənəvi dəstəyini belə ifadə edib:

"Qəlb rahatlığını istəyirsənsə, insanların nə dediklərinə əhəmiyyət vermə. Çünki onlar yaradıcılarından razı olmayıblarsa, səndən necə razı olsunlar?"

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) isə sosial şəbəkə hesabında müğənninin qızı Aysun İsmayılovanın fotosunu paylaşaraq, ona ürək sözlərini yazıb:

"Bu hadisələrdə ən çox səni düşündüm. Bu gün sevilirsən, şükür balan, işin-gücün var, heç kimdən asılı deyilsən. Amma ana sənin üçün hər şeydən önəmlidir. Çünki səni əziyyətlə böyüdüb. Möhkəm ol, Aysun! Sən də artıq anasan. Allahdan ümid kəsilməz. Səni çox istəyirik".

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və dövlət rüsumunun ödənilməsi vəziyyəti dəyişə bilər.


SON XƏBƏRLƏR

17 Avqust 2025