Suriya ilə bağlı sanksiyalar ləğv edilməlidir. Bu, ölkədə normallaşma prosesini sürətləndirəcək. 12 illik fasilədən sonra ötən ay Türkiyənin Dəməşqdəki səfirliyi açıldı. Hələbdəki Baş konsulluğumuz isə yanvarın 20-də fəaliyyətə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsəd Həsən əş-Şeybani ilə mətbuata birgə açıqlamasında bildirib.
Yeni Suriyada PKK/YPG və İŞİD kimi terror təşkilatlarına yer olmadığını vurğulayan Hakan Fidan deyib:
“Suriya hakimiyyətinə İŞİD-lə mübarizə mövzusunda əməliyyat dəstəyi təklif etdik. Kəşfiyyat məlumatlarının paylaşılmasından hərbi iştiraka qədər bu sahədəki imkanlarımızı istifadə etməyə hazırıq. Yeni hökumətin terrorla mübarizə sahəsindəki əzmkarlığından məmnunuq. Suriyada yeni bir səhifə açılıb. Ölkənin yeni rəhbərliyi və dünya ictimaiyyətinin bu fürsətdən düzgün istifadə etməsi vacibdir. Suriyada bütün dini, etnik və məzhəb qruplarının artıq qucaqlaşmalarının vaxtı çatıb”./axar.az