• Bakı 10° C

    15.36 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Hesablama Palatası ötən il dövlət qurumlarına 50 məlumat təqdim edib

İQTİSADİYYAT

15 Aprel 2025 | 11:37

Hesablama Palatası ötən il dövlət qurumlarına 50 məlumat təqdim edib

Hesablama Palatası 2023-cü ildə həyata keçirdiyi audit və analitik fəaliyyətlər çərçivəsində müəyyən etdiyi uyğunsuzluqlarla bağlı Nazirlər Kabineti daxil olmaqla, mərkəzi icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarına ümumilikdə 50 məlumat təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, məlumatlar əsasən audit zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması, qarşısının alınması və hüquqi məsuliyyət tədbirlərinin görülməsi məqsədini daşıyıb.

Hesabatda qeyd olunur ki, təqdim edilən 50 məlumat 26 KDMN tədbirinin nəticələrinə əsaslanıb və 16 dövlət qurumuna göndərilib.

Palatanın təqdim etdiyi məlumatlar əsasında bir sıra institusional və inzibati tədbirlər görülüb. Qanunvericilik aktlarında dəyişikliklər edilib, bəzi audit obyektlərinin məsul şəxsləri barəsində cinayət işləri başlanıb və inzibati tənbeh tədbirləri tətbiq olunub.

Audit nəticələrinə əsasən Nazirlər Kabinetinə bir sıra tövsiyələr də təqdim olunub. Tövsiyələrə aşağıdakılar daxildir:

- Damazlıq heyvanların dəyərinin dövlət tərəfindən qismən maliyyələşdirilməsində mikro və kiçik fermerlərin əlçatanlığının artırılması;

- Publik hüquqi şəxslərin beynəlxalq tədbirlər zamanı xərc normalarına riayət etməsi;

- Dövlət qeydiyyatına alınmış yeni PHŞ-lərə müvafiq dövlət əmlakının tam təhvil verilməsi;

- Büdcədənkənar fondların hesabat formalarının yenidən tərtibi və təsdiqi;

- İdmançılar və məşqçilərin mükafatlandırılması ilə bağlı hüquqi aktlarda təkmilləşdirmələr;

- Limitdən artıq xidməti avtomobil istifadəsi və ezamiyyə normalarının pozulması hallarına qarşı tədbirlər;

- Mədəniyyət müəssisələrinin gəlir əldəetmə qaydaları ilə bağlı normativ uyğunsuzluqların tənzimlənməsi;

- İdxal-ixrac əməliyyatlarında vergi və gömrük orqanlarının birgə nəzarətinin gücləndirilməsi;

- Dövlət borcunun uçotu və hesabatlılığının təkmilləşdirilməsi;

- Tullantıların idarə olunmasında aşkarlanmış nöqsanların aradan qaldırılması.

Nazirlər Kabinetinin tapşırıqları əsasında aidiyyəti dövlət orqanları tərəfindən bu istiqamətlər üzrə müvafiq addımlar atılıb.

Məsələn, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinə vergi və gömrük nəzarətinin təşkili ilə bağlı göstəriş verilib, idxal olunan malların qiymət izlənməsi ilə bağlı yeni hüquqi akt layihəsi hazırlanıb, vergi və gömrük orqanları arasında inteqrasiya qurulub, riskli malların buraxılışı dayandırılıb.

Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi damazlıq heyvandarlıqla bağlı səmərəlilik auditinin nəticələrinə uyğun olaraq bir sıra tədbirlər həyata keçirib. Bu tədbirlər çərçivəsində Aqrar Sığorta Fondunun ödədiyi vəsait dövlət büdcəsinə qaytarılıb, bəzi təsərrüfatlarda təkrar monitorinqlər aparılıb, yeni normativ sənədlər hazırlanıb və subsidiya mexanizminin təkmilləşdirilməsi üçün qanunvericilik dəyişikliklərinin layihəsi hazırlanıb.

Palata heyvandarlıq sahəsində digər qurumlarla koordinasiyanın gücləndirilməsi və sistemli idarəetmə ilə bağlı kompleks təhlillərin aparılmasını və tədbirlərin müəyyənləşdirilməsini də tövsiyə edib.


SON XƏBƏRLƏR